Naxçıvan Uşaq Bərpa Mərkəzində 9 ay ərzində 434 uşağa reabilitasiya xidmətləri göstərilib
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzində əlilliyi olan uşaqların tibbi və sosial-psixoloji reabilitasiyası həyata keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə oktyabrın 21-də Mərkəzə təşkil olunan mediatur zamanı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Kifayət Mahmudova məlumat verib.
O bildirib ki, Mərkəzdə əlilliyi olan uşaqlara həm ambulator, həm də stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilir.
Qeyd olunub ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində Mərkəzdə əlilliyi olan 434 uşaq reabilitasiya xidmətlərinə cəlb edilib. Həmçinin “RehaBus” (Reabilitasiya Avtobusu) xidməti uşaqların ambulator və stasionar reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına dəstək göstərir.
Kifayət Mahmudova vurğulayıb ki, həyata keçirilən tədbirlərin əsas məqsədi reabilitasiya kursuna cəlb olunan uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, gündəlik həyat fəaliyyətinin və sosial fəallığının artırılmasına dəstək verməkdir.








