Naxçıvanda “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanıb -

Naxçıvanda “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanıb - FOTO

14 Yanvar 2025

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan planlı yoxlama zamanı Naxçıvan şəhəri İstiqlal küçəsi ev 95 ünvanında fəaliyyət göstərən “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanmışdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyən edilmişdir. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tətbirlərinin tətbiq edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanmışdır. Eyni zamanda istifadə olunan dondurma, limonad və kolbasa məhsullarının yaralılıq müddətinin bitdiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi, həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də vaxtında aparılmadığı məlum olmuşdur. Həmçinin üzərində markalanma aparılmayan ev şəraitində qablaşdırılmış turşular aşkarlanmışdır.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, istifadəyə yararsız məhsullar kənarlaşdırılmışdır.

Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.