Naxçıvanın İlandağında mixi yazı tapıldı - FOTO
Naxçıvanın qədim tarixi ilə bağlı mühüm elmi əhəmiyyətə malik olan mixi yazı İlandağda otuz illik axtarışdan sonra nəhayət ki, tapıldı.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə tanınmış arxeoloq Vəli Baxşəliyev sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, bu gün təşkil olunan arxeoloji səfər zamanı aşkarlanan yazıda Urartu hökmdarları İşpuini və Menuanın Naxçıvana hərbi yürüşü haqqında məlumatlar əks olunub.
Məlumata görə, yazıda Urartu qoşunlarının indiki Ərəzin kəndi istiqamətindən keçərək Araz çayının cənubunda yerləşən Pluadi ölkəsinə daxil olması və burada Tanrı Xaldinin şərəfinə qurban kəsməsi təsvir edilir.
"Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğurlu olmayıb. Ağkilsədə aşkar edilmiş digər yazılı mənbələrdən bəlli olur ki, Naxçıvanda möhkəmlənmiş Etiuni konfederasiyası Urartu dövlətinə xərac verməklə öz siyasi müstəqilliyini qoruyub saxlaya bilib", - deyə arxeoloq sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, İlandağ yazısının yenidən aşkar olunması Naxçıvanın qədim tarixi və regionun siyasi proseslərinin öyrənilməsi baxımından mühüm elmi hadisə hesab olunur.










