
“Naxçıvanxəbərləri” İnformasiya Portalının yaranmasından 10 il ötür
Bu gün "Naxçıvanxəbərləri" İnformasiya Portalının fəaliyyətə başlamasından 10 il ötür.
2015-ci ilin 15 iyununda – Milli Qurtuluş Günündə yaradılan portal qısa müddətdə regionun informasiya məkanında önəmli yer tutaraq, Naxçıvanın ilk müstəqil xəbər resursu kimi fəaliyyətə başlayıb.
Portalın əsas məqsədi yalnız xəbər yayımı ilə kifayətlənməyərək, ictimai fikrin formalaşmasında, islahatların izlənilməsində və obyektiv informasiyanın operativ şəkildə çatdırılmasında fəal rol oynamaq olub.
İnformasiya portalı ictimai-siyasi hadisələrin operativ işıqlandırılmasında, iqtisadi və sosial islahatların təbliğində, eləcə də regionun turizm və mədəni potensialının tanıdılmasında mühüm rol oynayıb. Portal həm Naxçıvan daxilində, həm də ölkə səviyyəsində oxucular arasında etibarlı informasiya mənbəyi kimi qəbul olunur.
“Naxçıvanxəbərləri” bu gün gündəlik minlərlə istifadəçinin ziyarət etdiyi, sosial şəbəkələrdə milyonlarla baxış toplayan, yüz mindən çox izləyici tərəfindən izlənilən aktiv bir media platformasıdır.
Yüksək peşəkarlıq, obyektivlik və məsuliyyət prinsipləri ilə fəaliyyət göstərən bu platforma, regionda media sahəsinin inkişafında önəmli töhfələr verib.