NDU "WUF 13"-də geniş təqdimatla çıxış edir - FOTO
Naxçıvan Dövlət Universiteti dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində iştirak edir. Universitetin stendi forum iştirakçılarına Naxçıvanın tarixi keçmişini, müasir inkişafını, elmi potensialını və innovativ yanaşmalarını bir arada təqdim edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, stendin əsas hissəsi mənzil və iqlim əlaqəsi mövzusuna yönəlmiş innovativ startap layihələrinə ayrılıb. Universitetin tələbə və gənc tədqiqatçılarının hazırladığı iki startap dayanıqlı şəhər mühiti, ekoloji təhlükəsizlik və ağıllı yaşayış sistemləri istiqamətində həllər təqdim edir. Layihələr həm texnoloji yenilik, həm də ictimai əhəmiyyət baxımından forum iştirakçılarının diqqətini cəlb edir.
Universitet stendində eyni zamanda Naxçıvanın zəngin tarixi və mədəni irsi də nümayiş olunur. Burada qədim diyarın memarlıq nümunələri, tarixi abidələri, milli dəyərləri, turizm potensialı və müasir inkişaf göstəriciləri haqqında məlumatlar verilir. Xüsusilə, Möminə Xatun türbəsi, Əlincə qalası və digər tarixi məkanlarla bağlı vizual materiallar ziyarətçilərdə böyük maraq yaradır.
Forumda Naxçıvan Dövlət Universitetinin iştirakı ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, innovasiya potensialının nümayiş etdirilməsi və Azərbaycanın qədim diyarı olan Naxçıvanın dünya ictimaiyyətinə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Universitet nümayəndələri forum iştirakçıları ilə görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivləri, dayanıqlı inkişaf məqsədləri və gənclərin innovasiya ekosistemində rolu barədə müzakirələr aparırlar.
Naxçıvan Dövlət Universitetinin WUF-13-də iştirakı universitetin elm, innovasiya və beynəlxalq platformalarda fəal təmsilçilik strategiyasının növbəti uğurlu addımlarından biri kimi qiymətləndirilir.













