
Nizami Gəncəvi ideallarının bəşəriliyi
Keçdikcə nəsillər o sənin söz çəmənindən, Ellər, obalar dərs alacaqdır hələ səndən...
Sənsən ədəbiyyat dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklərdə adın var.
Səməd Vurğun
Bu misralar Nizami dühasından xəbər verir. Nizami irsi elə bir irsdir ki, ondan istifadə etməklə insan saflaşma yolu keçir, kamilləşir, müdrikləşir.
Qeyd etmək yerinə düşər ki, ictimai-bədii fikri qlobal miqyasda və bütün əsrlərdə düşündürən bəşəri problemlərin heyrətamiz bir ustalıqla sənət şərhi Nizami bədii irsinin həmişəyaşarlığını təmin edən başlıca cəhətdir. İnsan şəxsiyyəti və qürurunun, insan əqli və iradəsinin, onun tükənməz və coşqun istedadının əzəmətini şeirin ecazkar qüdrəti ilə təsdiqləyən bir sənəddir Nizami poeziyası.
Nizaminin "Xəmsə" başlığı altında birləşdirilən irihəcmli epik əsərləri-"Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə" insanların daxili aləminin saflaşmasına, özlərini dərk edib anlamalarına xidmət edir. Bu əsərləri oxuduqca insanlar əxlaqi, etik, tərbiyəvi mövzulardan nəticə çıxarır.
İnsanın əxlaqi saflığı uğrunda mübarizə aparan N.Gəncəvi bütün əsərlərində bu işə xidmət edən dahiyanə fikir və ideyalar söyləmişdir. Ondan sonra gələn böyük şair və yazıçıların, filosof və pedaqoqların demək olar ki, əksəriyyəti həmin fikir və ideyalardan bəhrələnmiş, onları daha da inkişaf etdirmişlər.
Şərqin ölməz şairlərindən biri, Nizaminin şagirdi Əlişir Nəvai Nizzami "Xəmsə"si haqqında belə demişdir: "Xəmsə" o qədər əzəmətli, o qədər məzmunlu, o qədər qiymətli, o qədər gözəldir ki, onun sanbalını müəyyən etmək üçün, kainat boyda tərəzi, yer kürəsi boyda çəki daşı gərəkdir"
Şairə görə Allah-təala insanı ən gözəl biçimdə yaratmış, xilqətdə ən üstün, ən şərəfli məxluq kimi xəlq etmişdir. Bəşər övladı hər iki dünyanın − həm məna, həm də surət aləminin zinətidir. Dahi şairin insan və onun dəyəri barədə qənaəti aşağıdakı misralarda aydın şəkildə ifadə olunmuşdur:
Dünyanın əşrəfisən, dünya mülkü sənindir,
Dünyanın hər neməti, varı, bil ki, sənindir.
Yenilməz pəhləvansan, dünya sənlə öyünər,
Açıq qəlbin köksündə iftixarla döyünər.
Fələyin dövranından öz dövranın mətin ki,
İki dünya qüdrətdə sənə çatar çətin ki
Şair qeyd edir ki, insan oğlunun yüksəlməsi də, alçalması da, azadlığı da, köləliyi də, məsud yaşayışı da, zəlaləti də onun özünə, özünün fəaliyyətinə, əməlinə bağlıdır. İnsan mübarizə yolu ilə, əzaba qatlaşmaqla, hünərlə hər cür zillətdən qurtula bilər. Şair bu fikri belə ifadə edir:
İnsan oğlu qazanar zindanda da şan-şərəf,
Gətiribdi Yusifə qaranlıq zindan şərəf.
Köləlik zəncirini zillətsiz atmaq olmaz.
İztirabsız, əzabsız şərəfə çatmaq olmaz.
Əzaba qatlaşmaqla hər niyyətə çatarsan,
Zəlillikdən qurtarıb ülviyyətə çatarsan.
Nizamiyə görə kamil insan hər iki dünyanın həqiqətlərini dərk edə bilən, varlığın çirkinliyində gözəlliyi sezib duya bilən və əməlini, fəaliyətini həmin dərrakə əsasında qurmağı bacaran insandır. Bu mənada, şair “Sirlər xəzinəsi” poemasındakı “İsanın hekayəti” adlı ibrətamiz əhvalatda məhz bu problemi qoyur. Sənətkarın fikrincə, kamilliyə doğru can atmaq, müdrikləşmək və kamal yolunu tutmaq hər bir bəşər övladının başlıca qayəsi, əməl və amal yolu olmalıdır.
Gözəl əxlaq, nurlu əməl insanın həyat amalı olmalı, insan bu amala doğru addımlamalıdır:
Döndər qara torpaqda şəffaf suya qəlbini,
Bağla ülvi qayəyə, saf arzuya qəlbini.
Fənalığa uğrayıb talanınca varlığın,
Ayrılığın oduna qalanınca varlığın,
Qələmini sidq ilə atmalısan mənzilə,
Atıb ağır yükünü çatmalısan mənzilə.
Dünya evi hədərdir, könül də bir məskənin,
Ucal uca göylərə, könüldədir məskənin.
Nizami Gəncəvinin kamil insandan tələb etdiyi vacib keyfiyyətlərdən biri də özünü dərk etməsidir. Çünki özünü dərk edən Haqqı dərk etmək səviyyəsinə yüksələ bilər:
Çalış həqiqətlə özünü bil sən,
Allahı bilərsən özünü bilsən.
Özünsən ən yaxşı parlayan ayna,
Uzaq fələklərlə girmə oyuna.
Nizami Gəncəvi əsərlərinin əsas qayələrindən biri də xalqla ədalətlə rəftar etmək məsələsidir. Şair yazır:
Dedi: “Carçı, çağır! Eşitsin aləm,
Hər kim zülm eləsə, görəcək sitəm.
Əgər bir at gedib girsə tarlaya,
Biri bağdan meyvə, gül oğurlaya,
Birisi naməhrəm qadına baxsa,
Bir gözəl evinə yadı buraxsa,
Ən ağır cəzama olacaq düçar!”
Şah and içdi, dedi, sınmaz bu ilqar.
Ədalətdə onun qüsuru yoxdu,
Gözlər kədərsizdi, könüllər toxdu.
Əlbəttə, Nizami Gəncəvinin yaradıcılığında insan amili aparıcıdır. Şair insanları xoşbəxt görmək amalı ilə yaşayır. Əsərlərində sevən insan obrazını yaratmaqla da insanda ən ülvi hissləri tərbiyə edir. Sevən insanın hər şeyə qadir olduğunu göstərir. İnsan məhəbbətinin tərbiyəedici, dəyişdirici rolunu ön plana çəkir. Biz bu kimi məsələləri "Xosrov və Şirin" əsərində görürük. Əsərin qəhrəmanı Xosrov həyatın mənasını yüngül həyat tərzi keçirməkdə, əylənməkdə görür. Xosrov Şirini sevir. Lakin ilk baxışda bu sevgi həqiqi sevgi olmayıb, adi həvəsdən ibarət idi. Əgər bu həqiqi sevgi olsaydı Xosrov Məryəmlə, Şəkərlə evlənməzdi.
Şairin insana olan sevgisindən bəhs edən A.Quliyev qeyd edir ki: "Humanist mütəfəkkirin belə mövqeyi onun insan şəxsiyyətinə atəşin vurğunluğundan və sonsuz hörmətindən irəli gəlirdi. Nizami üçün insan ən uca varlıqdır. Həyatın bütün nemətləri və gözəllikləri yalnız insan naminə mövcuddur. Ömür insana şərəfli və layiqli yaşamaq üçün verilmişdir. İnsan yaşamalı və yaratmalıdır. Mütəfəkkirin məntiqinə görə, nəinki əmək və öz zəhməti ilə yaşamaq, hətta ləyaqətli və məğrur yaşamağın özü insan üçün şərəf işidir
Xoşbəx həyat arzusu ilə yaşayan şair bu arzusunu "İsgəndərnamə" poeması ilə reallaşdırır.
Bizdə bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana bir kimsə gülməz.
Kim dərsə bir sünbül bizim əkindən,
Qəfil bir ox dəyər düz ürəyindən.
Məhəbbət mövzusu da şairin yaradıcılığının ana xətlərindən birini təşkil edir. Şairə görə, bəşər övladının təbiətində məhəbbət ən ülvi və ən dəyərli bir hissdir. Məhəbbət insanı saflaşdırır, bəşəri ideyalar tərbiyə edir:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
Eşqsiz bu dünya soyuq məzardır,
Ancaq eşq evində rahatlıq vardır.
Nizamiyə görə məhəbbət kamillik yoludur. Səbr, dözüm və səbatla bu əzablı yolu keçənlər ülviyyət zirvəsinə yüksəlir, öz insanlıq “mən”ini təsdiq etmiş olurlar.
N.Gəncəvi “Xəmsə”sində insanlar üçün həqiqət də diləmiş, yalandan, riyakarlıqdan uzaq bir dünya arzulamışdır:
Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.
Su artıb həddini aşarsa əgər,
İçəni doydurmaz, mütləq qərq edər.
Bədəndə həddindən artıq olsa qan,
Neştərlə tökərlər onu damardan.
Az danış, desinlər sözündə güc var,
Çox sözü dinləyən çox nöqsan tutar.
Çox söyləməк bəlкə sənə asandır,
"Çox oldu" desələr böyüк nöqsandır.
Gətirdiyimiz nümunələr onu deməyə əsas verir ki, Azərbaycan şairinin ideya və idealları bəşər övladının mövcud olduğu bütün zamanlarda və məkanlarda daim onu düşündürmüş, məşğul etmiş, insan övladı ona çarə axtarmış, qurtuluş yolları aramışdır. Bütün bunlar isə Nizami ideallarının bəşəriliyinin, müasirliyinin sübutudur.
Şəhla FƏTƏLİYEVA
Naxçıvan Müəllimlər İnstitutu