Prezidentdən mesajlar:

Prezidentdən mesajlar: Torpaq varsa, Vətən var

10 Yanvar 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Hər azad edilən kənd, hər sancılan bayraq mənim üçün Azərbaycan idi. Hər şəhidin şəhid olduğu yer isə torpaq idi".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə bir daha sübut etdi ki, bu dövlətin əsas dayağı Azərbaycan vətəndaşı, torpaq sevgisi və Vətən anlayışıdır.

Prezidentin dedikləri sadə sözlər olsa da, arxasında böyük tarix, ağrı və qürur dayanır.

Uzun illər Azərbaycan xalqı üçün torpaq anlayışı daha çox itki ilə ölçülürdü. Qarabağ, Xocalı, Xankəndi, Şuşa bizim üçün sadəcə coğrafi adlar deyildi. Bunlar hər bir azərbaycanlının qəlbində bir yaraya çevrilmişdi. İşğal illərində bu torpaqlar haqqında danışanda insanlarda həm ümid, həm də ümidsizlik hissi olurdu. Prezident müsahibəsində açıq şəkildə etiraf etdi ki, illər keçdikcə bəziləri artıq bu torpaqlara qayıdacağımıza inanmırdı. Amma o, özü daxilən həmişə inanırdı.

2020-ci ildə baş verən Vətən müharibəsi bu inamın boş olmadığını göstərdi. Azərbaycan Ordusu və xalq birliyi ilə torpaqlarımız azad edildi. Prezidentin sözlərinə görə, müharibə dövründə hər azad olunan kənd, hər qaldırılan bayraq onun üçün Azərbaycan demək idi. Hər şəhidin şəhid olduğu yer isə torpaq idi. Bu sözlər torpağın nə qədər müqəddəs olduğunu bir daha göstərir.

Bu gün artıq Qarabağ və Şərqi Zəngəzur müharibə xatirələri ilə yox, quruculuq və inkişafla xatırlanır. Prezidentin müsahibəsində qeyd etdiyi kimi, bu bölgələrdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni yollar çəkilir, tunellər salınır, dəmir yolları bərpa olunur. Enerji və su təminatı yaradılır. Bütün bunlar insanların doğma yurdlarına qayıtması üçün vacib şərtlərdir.

Xüsusilə Zəngəzur dəhlizi Prezidentin çıxışında gələcəyə yönəlmiş mühüm layihə kimi diqqət çəkir. Bu dəhliz təkcə Azərbaycanın bir bölgəsini digərinə bağlamır, eyni zamanda regionda yeni iqtisadi və nəqliyyat imkanları yaradır. Zəngəzur dəhlizi Azərbaycanın gücünü, strateji mövqeyini və sülhə açıq olduğunu göstərən mühüm bir amildir.

Prezident İlham Əliyev sülh mövzusuna da xüsusi diqqət yetirdi. O bildirdi ki, Azərbaycan artıq sülh dövrünü yaşayır. Amma bu sülh güclü dövlət, güclü ordu və xalq birliyi üzərində qurulmalıdır. Dövlət başçısının dediyi kimi, bundan sonra heç vaxt bir qarış torpağımız tapdaq altına düşməyəcək. Çünki Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Bu müsahibədə torpaq anlayışı da dəyişmiş formada təqdim olunur. Əvvəllər torpaq itirilmiş, yaralı bir anlayış idisə, bu gün torpaq məhsuldarlıq, həyat və gələcək deməkdir.

Prezident Qarabağın münbit torpaqlarından danışarkən artıq əkin-biçin, inkişaf və yaşayışdan söz açır. Bu da onu göstərir ki, Azərbaycan artıq müharibə psixologiyasından çıxaraq quruculuq mərhələsinə keçib.

Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi təkcə siyasi açıqlamalar deyil, həm də xalqın hisslərini əks etdirən bir çıxış idi. Bu müsahibədə torpaq sevgisi Vətən sevgisi ilə birləşir, keçmişin ağrıları gələcəyə olan inamla əvəz olunur. Bu gün Azərbaycan güclü dövlətdir, torpaqlarına sahib çıxan dövlətdir və öz gələcəyini özü quran bir ölkədir.

Mənsurə HÜMBƏTOVA

Ədliyyə Nazirliyinin əməkdaşı