Qazandığımız bütün uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Qazandığımız bütün uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

14 İyul 2026

Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən çox az sayda siyasi liderə rast gəlmək olar. Azərbaycanın uğurlarla müşahidə olunan müasir tarixi də məhz belə bir liderin – ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dünya təcrübəsi göstərir ki, bu cür böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir.

XX əsrin II yarısı və sonları Azərbaycan xalqının həyatında taleyüklü bir dövr olub. Tarixin məhz bu dövründə baş verən hadisələr dahi  şəxsiyyət Heydər Əliyevi siyasi səhnəyə gətirdi. Məlum olduğu kimi, ötən əsrin 60-cı illərinin sonunda keçmiş SSRİ-nin inzibati-ərazi vahidlərindən biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi həyatında təşviş doğuran tam tənəzzül meyilləri aşkar görünürdü. Sovet İttifaqının tərkibinə daxil olan başqa müttəfiq respublikaların diqqəti cəlb edən böyük inkişafı fonunda Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində geriləmə müşahidə olunur, bu gerilik getdikcə daha dərin kök salır, respublikanın iqtisadi potensialının zəifləməsi xalqın milli-mənəvi birliyinə vurulan zərərdən heç də az olmayan təhlükəli miqyas alırdı.

Siyasi təfəkkürdə və dövlətin idarə edilməsində müşahidə edilən durğunluq halları Azərbaycanda milli mənlik şüuruna, milli təfəkkürə və mentalitetə malik olan kadrların yetişdirilməsinə ciddi əngəl idi. Bu əngəllər məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qalxdı. Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi xalqımızın taleyində mühüm tarixi mərhələnin başlanğıcı oldu. Ulu öndər hakimiyyətə gəldikdən sonra respublikada ictimai-mənəvi ab-havanı səciyyələndirən bütün amillər milli ruhun inkişafına, milli mənlik şüurunun və milli qürurun yüksəlişinə xidmət edən möhtəşəm planın tərkib hissəsinə çevrildi.

1969-cu ildə – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı  dövrdə  respublikada, sözün əsl mənasında, özbaşınalıq hökm sürürdü. İqtisadiyyat sürətlə geriləyir, sosial problemlər artırdı. Bu dövrdə ulu öndər Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa  müddətdə Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi. Ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyinin Azərbaycanı, ilk növbədə, xammal əlavəsi kimi saxlamaq siyasətinin nəticələrini aradan qaldırmaq üçün respublikanın mənafelərinə cavab verən tarazlı milli iqtisadiyyatın formalaşmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirməyə başladı. İqtisadi sahədə əldə olunan sürətli artım əvvəlki onilliklərdə yığılıb qalmış çoxsaylı problemlərin həlli üçün də zəmin yaratdı. Təsadüfi deyildir ki, 1970-1980-ci illərdə əldə olunan sürətli iqtisadi artım sosial sahənin də inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsində və tərzində kəskin dəyişikliklərə səbəb olmuşdu. Sadəcə bir faktı qeyd etmək kifayətdir ki, yalnız Azərbaycan, Rusiya və Ukrayna ittifaq büdcəsindən dotasiya almırdı. Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik və iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin də əsasını təşkil edir. Bu baxımdan, ötən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir.

Böyük siyasətçi Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə özünün zəngin siyasi təcrübəsi, yüksək intellektual qabiliyyəti, milli mədəniyyətimizi, mənəvi meyarlarımızı dərindən bilməsi sayəsində milli dilin inkişafına və tətbiqinə şərait yaradan uzunmüddətli siyasət işləyib hazırlamış və bütün əngəllərə baxmayaraq, durmadan həyata keçirmişdir. O, mərkəzdən asılı olan, qapalı sistemdə yaşayan respublikamızda milli dil siyasətini uğurla həyata keçirirdi. Azərbaycan dilinin dövlət dili statusu qazanması məsələsi, həmçinin Azərbaycan cəmiyyətində onilliklər boyu yığılıb qalmış iqtisadi, siyasi və sosial problemlər yalnız ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra bütün kəskinliyi və aktuallığı ilə gündəmə çıxarıldı.

SSRİ-nin digər respublikalarında rejimin əleyhinə çıxan ayrı-ayrı elm və mədəniyyət xadimlərinin təqibə məruz qaldığı və sıxışdırıldığı bir vaxtda Azərbaycanda ziyalılara yaradıcılıq, fikirlərini azad ifadə etmək, cəmiyyətdə, mədəniyyətdə baş verən prosesləri öz düşündükləri kimi yazmaq, əslində isə milli-mənəvi dəyərlərin bərpasına aparan yolların axtarılması üçün şərait yaradılmışdı. Bu da şairlərə, yazıçılara, incəsənət xadimlərinə milli ruhda, milli tarixə və mədəniyyətə uyğun əsərlər yaratmağa imkan verirdi.

Azərbaycanın şöhrətini yaymağa, onun elmini və mədəniyyətini, adət və ənənələrini, tanınmış şəxsiyyətlərini təbliğ etməyə xidmət edən genişmiqyaslı tədbirlər ulu öndər Heydər Əliyevin titanik fəaliyyətinin daha bir istiqaməti idi. Tarixi şəxsiyyətlərin adının əbədiləşdirilməsi, tanınmış mədəniyyət xadimlərinə fəxri adların verilməsi, keçmiş sovet respublikalarında, xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin təşkil edilməsi bütün dünyaya göstərdi ki, Azərbaycan təkcə neft, pambıq və üzüm diyarı deyil, həm də  yüksək mədəniyyətə malik olan qədim ölkədir.

1969-cu ildən başlanan kompleks inkişaf Azərbaycanın digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında da müşahidə olunurdu. Reallıq budur ki, 1970-ci ilə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin tərkibindəki muxtar respublikalar arasında axırıncı sıralarda qərar tuturdu. Ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış qərarlar bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxarılmasında mühüm rol oynamışdır. Muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdi. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən, üç dəfə artmışdı. Həmin illərdə Naxçıvan şəhərində onlarla yeni yaşayış binası inşa olunmuş, 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdi. Bütün bu genişmiqyaslı quruculuq tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdı.

Ümummilli liderin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının daxili imkanlar hesabına ödənilməsi istiqamətində atdığı addımlardan biri – Araz çayı üzərində su elektrik stansiyasının tikilməsi muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bilmişdir.

1990-cı ildə Azərbaycanla yanaşı, Naxçıvanın da başı üzərini qara buludların aldığı bir vaxtda ulu öndər doğma Naxçıvana qayıtdı və Onun rəhbərliyi ilə qədim diyarın xilası üçün lazım olan bütün addımlar atıldı. Həmin dövrdə  yalnız muxtar respublikamız üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mühüm rol oynayan qərarlar qəbul olundu.

1993-cü ilin yayında ölkədə qardaş qanı töküldüyü və milli dövlətçiliyimiz ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalq yenidən nicatını ulu öndərin hakimiyyətə gəlişində gördü, dahi rəhbəri Naxçıvandan Bakıya dəvət etdi. Vətəninin və xalqının taleyinə biganə qala bilməyən ümummilli lider 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya getdi və bu qayıdış Vətənin xilası, xalqın qurtuluş tarixinə çevrildi, Azərbaycan yenidən 1969-cu ildən başlanan quruculuq yoluna döndü. Tezliklə torpaqlarımızın işğalının qarşısı alındı, milli ordu yaradıldı, sabitlik təmin olundu. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən etibarən yenidən davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb oldu.

Bu gün  müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə uğurlu sabahlara doğru inamla irəliləyir. Ulu öndərin böyük və əvəzsiz siyasəti onun layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün bütün istiqamətlərdə ciddi islahatlar gedir, heç bir dövlət orqanı islahat kursundan kənarda qalmır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulan ordu quruculuğu işi də uğurla davam etdirilir. İkinci Qarabağ müharibəsinə başlayanda artıq Azərbaycanın yüksək təchizatlı ordusu, hərb elmini yaxşı mənimsəmiş, hətta ona yeniliklər gətirə bilən ali zabit korpusu, ən əsası, bu ordu ilə qələbə qazanmağı, Qarabağ problemini hərbi-siyasi yolla, milli maraqlarımız çərçivəsində həll etməyi qarşısına məqsəd qoymuş ali siyasi iradə var idi. Məhz buna görə 2020-ci il sentyabr ayının 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətin bərpa olunması üçün müqəddəs tarixi savaşa başladı. Danışıqları pozmaqla, müxtəlif təxribatlar törətməklə Ermənistan özü Azərbaycanı buna məcbur etdi. Nəticədə, bu günü 30 ildir səbirsizliklə gözləyən Azərbaycan xalqı bir nəfər kimi ayağa qalxdı və öz ata-baba torpaqlarını düşmən işğalından azad etmək üçün silaha əl atdı. Azərbaycan xalqı “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, – deyən Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdi. Məhz bu inam, bu həmrəylik bizi Böyük Qələbəyə doğru apardı. Adətən, uğurlu döyüşlər uğurlu diplomatik danışıqlarla yekunlaşır. Vətən müharibəsinin 44-cü günü – noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat uğurlu danışıqların nəticəsi olmaqla yanaşı, həm də münaqişənin həlli istiqamətində son nöqtə oldu.

Bir xalq olaraq qazandığımız bu Böyük Qələbə, bu Şanlı Zəfər də ümummilli lider Heydər Əliyev yolunun bəhrəsidir. Bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında əldə edilən böyük nailiyyətlərin də əsasında fəal yaradıcı gücə malik olan ulu öndərin milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Naxçıvan Muxtar Respublikasında sosial həyatın bütün sahələrində analoqu olmayan uğurların qazanılmasında bir başlıca səbəb vardır. O da ulu öndərimizin yoluna sadiqlik və bu yolun davam etdirilməsidir. Bütün bunlar həm də nümunəvi vətənpərvərliyin, dövlətçiliyə dərin sədaqətin, sabitliyin, sosial-iqtisadi yüksəlişin təmin edilməsinin, ən əsası isə rəhbər qayğısının nəticəsidir.

Qafar QƏNBƏROV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı