Mənzil almazdan əvvəl hansı sənədlərə diqqət yetirilməlidir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mənzil almazdan əvvəl hansı hüquqi məsələlərə və sənədlərə diqqət yetirilməlidir?
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi və daşınmaz əmlakla bağlı əqdləri tənzimləyən müddəalarına, habelə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinə əsasən, alıcı mənzil almamışdan əvvəl aşağıdakı sənədləri və hüquqi halları yoxlamalıdır:
Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (kupça) – satıcının həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən əsas sənəddir.
Texniki pasport və plan – mənzilin faktiki vəziyyətinin sənədlərlə uyğun olub-olmadığını müəyyən etmək üçün.
Daşınmaz əmlak üzərində yüklülüklərin mövcudluğu – mənzilin ipoteka, həbs, icarə, servitut və ya digər hüquqlarla yüklü olub-olmaması yoxlanılmalıdır.
Satıcının şəxsiyyətini və sərəncam vermək səlahiyyətini təsdiq edən sənədlər – əgər satışı nümayəndə həyata keçirirsə, etibarnamənin qüvvədə olması da yoxlanılmalıdır.
Ər-arvadın ümumi birgə mülkiyyəti olduqda, digər həyat yoldaşının qanunla tələb olunan hallarda notariat qaydasında təsdiq edilmiş razılığı alınmalıdır.
Bundan əlavə, daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı andan yaranır. Həmçinin daşınmaz əmlakın alqı-satqısı müqaviləsi notariat qaydasında təsdiq edilməli və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev








