Bu düşərgədən ayrılmaq çox çətindir

Bu düşərgədən ayrılmaq çox çətindir

14 İyul 2026

Artıq 3-cü ildir ki, Manisanın Sart kəndində teatr sevdalısı, aktyor, rejissor, pedaqoq, araşdırmaçı-teatrşünas Rasim Aşının təşkil etdiyi Beynəlxalq Dionis Teatr Şənliyi və Təlim Düşərgəsinə qatılıram. 2023-cü ildə Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi ilə Mehmet Ümit Görgülünün “Cibimidəki dəlilik” tamaşası ilə iştirak etdik bu düşərgədə. Əslində bu düşərgə deyil, sanki bir institutdur. Hər il iyul ayının ilk ongünlüyünə təsadüf edən düşərgədə Rasim Aşın və təşkilatı işlərdə ona yardım edən dostları müxtəlif mövzulu ustad dərsləri, yaradıcı drama, doğaclama, işıq,  səs, yazarlıq ustalığı və teatrı əhatə edən digər sahələrlə bağlı maraqlı dərslər təşkil etməklə bura gələn hər kəsi maarifləndirilər.

Bu düşərgə həm də təcrübə mübadiləsi üçün ən gözəl məkandır. Açıq səma altında, çadır evlərdə hər kəs sanki nağıllar aləmindəki o “bərabərlik cənnəti”ndə yaşayırlar.

Bura bir kəndi xatırladır və müxtəlif yerlərdən gəlmələrinə baxmayaraq hər kəs biri birini eyni kəndin-teatr düşərgəsinin sakinləri kimi tanıyır, sayğı göstərir və sevirlər. Ən gözəli isə paylaşmaqdır: bildiyi təcrübəni, qazandığı uğurları və hətta bir süfrə arxasında hazırladığı yeməkləri belə məmnuniyyətlə bölüşürlər. İlk baxışdan istirahətə gələn turist düşərgəsinə oxşasa da bura əslində teatr dünyası-universial teatr səhnəsidir.

Ehtimallara görə qədim yunan mifologiyasında teatrın hamisi sayılan Dionis məhz bu torpaqda doğulub. Elə düşərgənin adı da artıq 11-ci Dionis Teatr Şənliyi və Təlim Düşərgəsi adlanır. Yəni 11 ildir ki, teatrsevərlər və ustaları burada toplaşır, sanki hər il qazandığı uğurları və təcrübələri biri-biri ilə bölüşür və paylaşırlar. Düşərgənin ən məşhur yeri “Daş səhnə”dir. Çinar ağaclarının altında inşa edilən təqribən 200 kvadrat metrlik nəhəng səhnənin dörd tərəfi də açıqdır. Yəni, hansı tərəfə istəsən tamaşa oynaya bilərsən. Bir zamanlar məşhur Stanislavski bu cür səhənədə aktyorların tamaşa hazırlaması üzərində düşünürdü...

Düşərgədə istər peşəkar, istərsə də həvəskar teatr adamları, yazarlar, özəl, dövlət teatrlarının nümayəndələri üçün tamaşa oynamaq, öz bacarığını nümayiş etdirmək üçün şərait var. Ən gözəli isə əsl ibtidai teatrın (meydan oyunu) yarandığı illərdə olduğu kimi təbii şəkildə hər şeyi nümayiş etdirməkdir. Yəni, burada müasir teatr texnikası və illüziyaları deyil, əsl aktyor oyunu və ustalığı nümayiş edilir. Özünü bu sənətə həsr edən hər kəs əvvəlcə öz istedadını göstərməlidir.

Mənim üçün bu düşərgə həm də dostluğun, münasibətlərin qurulduğu ən gözəl sənət məkanıdır. 3 il ərzində kimləri tanımadım: Rasim Aşın, Mehmet Ümit Görgülü və xanımı Duyğu Gəzər-Görgülü, Kımız Bozkır, Yılmaz Arıkan, Serdar Yaşar, Selim Gurata, Zekeriyya Hocalar, Metin Güler, Şahverdi Evren, Gülgün Yalvac, Müge Bakırçı, Veli Kişioğlu, Erdoğan Eğmen, Saliha Candar, Avni Rakop, Adnan Tonel, Aziz Ötkem, Kamal Maden, Gülçün hanım, Fırat, Can, sözün əsl mənasında atəşlə oynayan Əmrə xanım, teatr fanatiki gənc Mustafa, pontamimaçı və musiqiçi İlker, 80-ə yaxın yaşı olan Rza baba, Səlim əmi, dramaturgiya üzrə usta olan Halud İşık, hər gün 15 km-lik bir məsafəni öz velosipedi ilə gələrək tamaşaları maraqla izləyən, təqaüdçü müəllim Ali Aybal  və... onlarca gözəl sənət adamını burada tanıyıb, illərlə münasibətlərimizi davam etdirmişik. Hələ Bursadan, Ankaradan, Çanakkaladan, Aydından, Afyondan, İzmirdən, İstanbuldan, bir sözlə Türkiyənin dörd yanından, İrandan gələn teatr kollektivləri, sənət adamlarını da bu siyahının üzərinə gələndə  teatr düşərgəsinin necə mühüm bir dostluq məkanı olduğu aşkar görünür.

Buradakı sənət və sənət atmosferi hər kəsi bacardığı qədər maraqlı layihələr ortaya qoymağa, öz biliyini, bacarığını teatra sərf etməyə həvəsləndirir. Hətta əvvəllər gələn kollektivlərin, oyunçuların ildən-ilə necə inkişaf etməsi diqqətdən yayınmır. Mənim üçün maraqlı məqamlardan biri də teatr tənqidçisi, yazar, tele-jurnalsit, aktyor, rejissor, Van Yüzüncü İl Universitetinin professoru  Adnan Tonelin məşhur ”Bilqamış dastanı” əsasında həvəskar aktyorlarla hazırladığı “Gılqamış” adlı kompozisiya oldu. Teatr səhənəsində indiyədək toxunulmayan bu mövzu doğurdan da çox maraqlı məqamları ilə yadda qaldı. Ölümsüzlüyü axtaran Gılqamış (Bilqamış) sonunda dərk edir ki, hər kəs ölümə məhkumdur. Epik teatr janrında hazırlanan bu tamaşada Adnan hoca həm də xordan istifadə edib. Xorun mahnıları isə qədim şumer və Urartu dövrünün musiqilərinə uyğun ifa edilir. Oyun əvvəlcə Sart kəndindəki meydanda geniş tamaşaçı kütləsinin önündə oynanıldı. (Yeri gəlmişkən onu da qeyd edim ki, sartlılar da tamaşalara çox diqqətlə yanaşar və axşamlar oynanılan tamaşaları məmnuniyyətlə gəlib seyr edirdilər.) Və təbii ki, böyük alqışlarla.
Sonra isə Salihli bələdiyyəsinin dəvəti ilə yaxındakı Adala qəsəbəsində keçirilən 27-ci Adala Hermos Festivalında geniş parkda, açıq havada izləyicilərə təqdim olundu. Bu hadisə artıq Dionis Teatr Günləri və Təlim Düşərgəsinin mahiyyətini, burada sənət üçün  görülən işlərin əhəmiyyətini və  miqyasını bir daha sübut edir.

... Əlbəttə , ən çətin məqam 10 gün birlikdə eyni açıq səma altında teatr dünyasına daldığın və ancaq sənətdən danışdığın adamlardan ayrılmaqdır. Biz də “Cahan” Holdinqin dəstəyi ilə Naxçıvan Dövlət Milli Dram Teatrından Balaxan Nəzərlinin “Gəmidə batan” əsərinin əsasında hazırladığımız “Gəmi batır” tamaşası ilə iştirak etdik. Mən və teatrımızın aktrisası Ləman Vəlizadə yəqin ki, oynadığımız oyunla düşərgədaşlarımızın yadında bir müddət qala biləcəyik. Çünki oyundan sonra haqqımızda xoş sözlər çox söylənildi. Hətta Ləman xanım iştirkaçılar üçün  səs və rəqslə bağlı ustad dərsi də verdi. Hər zəhmətin sonunda qazandığmız təmənnasız sevgi oldu bu düşərgədə. Ona görə də ayrılmaq çox çətin idi. Amma, ayrıldıq: gələn il yenidən qazandığımız uğurları birlikdə bölüşmək üçün.

Bizi Naxçıvandan gələn qonaq yox, özünə yaxın bildiyi doğma insanlar kimi qarşılayan hər kəsə sonsuz təşəkürlər edirik!!!

Səməd CANBAXŞİYEV

Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini