Əli Əsədov yeni qərar imzalayıb
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Nardaran tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunacaq.
Həmçinin qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin korlanması və ya məhv edilməsi, Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Bundan başqa, "Abidə qoruqlarının nümunəvi Əsasnaməsi"nə yeni redaksiya verilib.
Həmçinin "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə" görə, Zonada yerüstü və yeraltı abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.








