Naxışnərgizdə qədim xalça nümunələri bu gün də qorunub saxlanılır
Babək rayonunun Naxışnərgiz kəndində Azərbaycanın zəngin xalçaçılıq ənənələrini yaşadan qədim xalça nümunələri bu gün də ailələr tərəfindən qorunub saxlanılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vaxtilə kənddə xalçaçılıq əsas sənət sahələrindən biri olub. Burada toxunan xalça, kilim, cecim və palazlar özünəməxsus naxışları, rəng çalarları və yüksək keyfiyyəti ilə seçilərək bölgənin sənətkarlıq ənənələrinin formalaşmasında mühüm rol oynayıb.
Hazırda xalça toxuculuğu əvvəlki illərlə müqayisədə geniş yayılmasa da, kənddə bir çox ailələr nəsillərdən-nəsillərə ötürülən qədim xalça, kilim, cecim və palazları böyük qayğı ilə mühafizə edir. Bu əl işləri xalqımızın zəngin mədəni irsini, milli estetik zövqünü və qədim məişət ənənələrini əks etdirən qiymətli sənət nümunələri hesab olunur.
Kənd sakini, 81 yaşlı Əpruz Məhəmməd qızı Zamanova bildirir ki, gənclik illərində Naxışnərgizdə demək olar ki, hər evdə xalça toxunurdu. Onun sözlərinə görə, ailələr öz təsərrüfatlarında əldə etdikləri yunu emal edir, təbii boyalarla rənglədikdən sonra xalça, kilim və palaz toxuyurdular. Hazırlanan əl işləri ailələrin ən qiymətli əşyaları və gələcək nəsillərə ötürülən yadigarları sırasında yer alırdı.
Əpruz Zamanova qeyd edir ki, təbii boyalardan istifadə olunması sayəsində onilliklər əvvəl toxunan xalçalar bu gün də rəngini və keyfiyyətini qoruyub saxlayır. Onun gənclik illərində toxuduğu xalçalar da hazırda ailəsinin ən dəyərli yadigarları arasında yer alır.
Mütəxəssislərin fikrincə, qədim xalçalar üzərindəki naxışlar, rəng harmoniyası və toxunuş xüsusiyyətləri Naxışnərgizdə xalçaçılığın vaxtilə yüksək inkişaf səviyyəsində olduğunu göstərən mühüm nümunələrdir. Bu gün evlərdə qorunub saxlanılan həmin sənət əsərləri yalnız keçmişin yadigarı deyil, həm də Azərbaycanın zəngin mədəni irsinin və milli sənətkarlıq ənənələrinin gələcək nəsillərə çatdırılmasına xidmət edən dəyərli irs nümunələridir.








