Naxçıvanın məşhur Nehrəm qarpızı bazarlara çıxmağa başlayıb - FOTO
Naxçıvanın məşhur bostan məhsullarından biri olan Nehrəm qarpızı bu günlərdə yetişərək bazarlara çıxmağa başlayıb. Özünəməxsus dadı, şirinliyi, yüksək keyfiyyəti və təbiiliyi ilə seçilən məhsul alıcılar tərəfindən böyük maraqla qarşılanır.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan İmanov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, cari mövsümdə Babək rayonu üzrə ümumilikdə 280 hektar sahədə qarpız əkini aparılıb. Əkin sahələrinin böyük hissəsi Nehrəm qəsəbəsində yerləşir və burada yetişdirilən məhsullar artıq mərhələli şəkildə bazarlara çıxarılır.
Onun sözlərinə görə, Nehrəm qəsəbəsi uzun illərdir qarpızçılıq ənənələri ilə tanınır. Əlverişli torpaq-iqlim şəraiti, zəhmətkeş fermerlərin əməyi və aqrotexniki qaydalara düzgün əməl olunması nəticəsində burada yetişdirilən qarpızlar yüksək keyfiyyəti, özünəməxsus dadı və şirinliyi ilə seçilir.
Turan İmanov qeyd edib ki, hazırda məhsul yığımı davam edir və fermerlər yetişdirdikləri qarpızları mərhələli şəkildə satışa çıxarırlar. Məhsullar həm yerli sakinlər, həm də Naxçıvana gələn qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanır.
Onun sözlərinə görə, Nehrəm qarpızı bu il də yüksək keyfiyyəti ilə Naxçıvanın bostançılıq ənənələrini yaşatmaqla yanaşı, yerli kənd təsərrüfatı məhsullarının bazarda mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Turan İmanov vurğulayıb ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən dəstək, fermerlərin zəhməti və müasir aqrotexniki yanaşmalar gələcək illərdə də məhsuldarlığın artırılmasına, Nehrəm qarpızının keyfiyyət göstəricilərinin qorunmasına və bu ənənəvi sahənin daha da inkişaf etdirilməsinə əlverişli zəmin yaradır.











