Tarın simləri qırıla bilər, amma onun səsi əsla susmaz…

Tarın simləri qırıla bilər, amma onun səsi əsla susmaz…

12 İyul 2026

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Şuşada tarix-memarlıq abidəsi olan Sadıqcanın ev muzeyinin bərpadan sonra açılışında iştirakı təkcə bir muzeyin istifadəyə verilməsi deyil, həm də Qarabağın, ümumilikdə Azərbaycanın mədəni ruhunun, milli musiqimizin və tar ifaçılığı məktəbinin öz doğma yurduna qayıdışının təntənəsidir.

Şuşa Azərbaycan musiqisinin beşiyidir. Bu beşiyin yetişdirdiyi ən böyük sənətkarlardan biri isə Mirzə Sadıq Əsəd oğlu - Sadıqcandır (1846–1902). O, təkcə mahir tarzən deyil, həm də tar sənətində inqilabi yeniliklər edən böyük sənətkar idi. Məhz Sadıqcan tarı diz üstündə çalınan alətdən sinədə ifa olunan alətə çevirdi, alətin quruluşunu təkmilləşdirərək simlərin sayını artırdı, səsini zənginləşdirdi və bu gün bütün Şərqdə istifadə olunan müasir Azərbaycan tarının əsasını qoydu. Onun yaratdığı ifaçılıq məktəbi Azərbaycan musiqisinin inkişafında yeni bir dövr açdı.

Bu gün bərpa olunan ev-muzeyin həyətində ucaldılan tar kompozisiyası isə sözün əsl mənasında heyranedicidir.

Qırılmış tar… Amma o qırılmış simlərdən göylərə doğru uzanan bir ağac…

Bu əsər sanki Qarabağın taleyini danışır. İşğal illərində dağıdılan evlər, yandırılan abidələr, viran qoyulan mədəniyyət ocaqları Azərbaycan musiqisini susdura bilmədi. Çünki bu musiqi daşdan deyil, xalqın ruhundan, milli yaddaşından və bu torpağın nəfəsindən doğulub.

Ağac necə köklərindən güc alıb yenidən yaşıllaşırsa, Azərbaycan musiqisi də öz köklərindən – Şuşadan, Qarabağdan güc alaraq yenidən dirçəldi. Bu gün Şuşada yenidən tar səslənir, muğam oxunur, sənət nəfəs alır.

Bu kompozisiya mənim üçün sadəcə bir abidə deyil. Bu, qırılmış tarın deyil, qırılmayan milli ruhun heykəlidir. Bu əsərin ideya müəllifi və onu ərsəyə gətirən sənətkarlar çox dərin mənalı bir mesajı gələcək nəsillərə əmanət ediblər.

Tarın simlərini qırmaq olar, amma Azərbaycan xalqının ruhunu, mədəniyyətini və musiqisini susdurmaq mümkün deyil. Şuşa bunu bir daha bütün dünyaya göstərdi.

Fətəli AXUNDZADƏ