Naxçıvanda 6 ayda "112" xəttinə 32 mindən çox zəng daxil olub

Naxçıvanda 6 ayda "112" xəttinə 32 mindən çox zəng daxil olub

12 İyul 2026

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi 2026-cı ilin ilk altı ayı ərzində əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirib.

Nazirlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, hesabat dövründə "112" qaynar telefon xəttinə ümumilikdə 32 min 126 zəng daxil olub və bütün müraciətlər operativ şəkildə aidiyyəti üzrə yönləndirilib.

Daxil olan məlumatlar əsasında Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları 114 yanğın hadisəsinə çıxış edib. Həmçinin 15 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib, 9 müxtəlif ərazidə aşkar edilən döyüş sursatlarının zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb.

İntensiv yağıntılar nəticəsində su basmış 12 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin olunub və zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Yanğın və texniki təhlükəsizlik sahəsində də nəzarət tədbirləri davam etdirilib. Belə ki, 1077 obyektdə yanğın təhlükəsizliyi üzrə yoxlamalar, 224 obyektdə texniki təhlükəsizliyə nəzarət, 423 inzibati və yaşayış binasının zirzəmisində monitorinqlər aparılıb. Müxtəlif tikinti obyektlərində isə ümumilikdə 451 nəzarət funksiyası icra edilib.

Bununla yanaşı, əhalinin fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə 8 min 37 nəfərin iştirakı ilə silsilə tədbirlər, seminarlar və məşqlər təşkil olunub.