Mühafizə orderi nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mühafizə orderi nədir?
Cavab: Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununun 1.0.9-cu maddəsinə əsasən mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Mühafizə orderləri 2 cür olur – qısamüddətli və uzunmüddətli mühafizə orderi. Yerli icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verilirsə, bu, qısamüddətli mühafizə orderidir. Bu orderlə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması və zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilir.
Məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, yerli icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi - Nazlı İsmayılzadə








