Regional inkişafın Heydər Əliyev düsturu: Naxçıvanda şəhərsalma siyasəti

Regional inkişafın Heydər Əliyev düsturu: Naxçıvanda şəhərsalma siyasəti

18 İyul 2026

2026-cı il “Memarlıq və Şəhərsalma İli”nə həsr olunur.

Tarixən şəhərlərin siması hər bir xalqın keçdiyi inkişaf yolunun, formalaşdırdığı dövlətçilik ənənələrinin və gələcəyə yönəlmiş strateji baxışının ən bariz təzahürlərindən biri olmuşdur. Təsadüfi deyil ki, qədim Şərqdə belə bir fəlsəfi yanaşma mövcuddur: “Hər bir xalq tarix boyu 3 şeyi yaradır: özünü, taleyini və şəhərlərini”. Bu mənada, şəhərsalma prosesinə yalnız mühəndislik və memarlıq fəaliyyəti kimi yanaşmaq onun əsl mahiyyətini xeyli daraltmaq deməkdir. Əslində, müasir dövlət idarəçiliyində urbanizasiya dinamikası və şəhərsalmanın təşkili dövlətin sosial-iqtisadi prioritetlərini və insan amilinə verdiyi dəyəri nümayiş etdirməklə yanaşı, həm də yerlərdə idarəçiliyinin və dövlətin inkişaf siyasətinin mühüm alətlərindən biri kimi təzahür edir. Qurulan müasir infrastruktur, sənaye qovşaqları və sağlam yaşayış mühiti həm yerli demoqrafik sabitliyi möhkəmləndirir, həm də xarici təzyiqlərə qarşı dövlətin həmin ərazi üzərində mövqeyini gücləndirir. Bu baxımdan, şəhərsalmanın planlı və məqsədyönlü şəkildə strukturlaşdırılması qüdrətli dövlətlərin uzunmüddətli təhlükəsizlik və inkişaf paradiqmasının ayrılmaz tərkib elementidir.

Azərbaycanın dövlətçilik tarixində şəhərsalma siyasətinin fundamental təfəkkür üzərində qurularaq sistemli dövlət siyasəti xarakteri alması Ümummilli Lider Heydər Əliyevin idarəçilik irsi ilə bağlıdır. Onun rəhbərliyi dövründə bu proses ayrı-ayrı tikinti layihələrinin icrası çərçivəsini aşaraq, regionların iqtisadi dirçəlişini, sənayeləşməni, nəqliyyat-kommunikasiya xətlərinin yaradılmasını, tarixi-mədəni irsin qorunmasını və insanların layiqli həyat səviyyəsinin yüksəldilməsini özündə birləşdirən kompleks dövlət siyasətinə çevrilmişdir.

Bu siyasi-strateji xəttin ən mürəkkəb, eyni zamanda ən səmərəli tətbiq arealı qismində ötən əsrin 70–80-ci illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü quruculuq siyasəti xüsusi analitik əhəmiyyət daşıyır. Mürəkkəb geosiyasi mövqeyi, mərkəzi iqtisadi zonalardan coğrafi cəhətdən uzaqlığı, özünəməxsus təbii-iqlim xüsusiyyətləri və uzun illər həllini gözləyən sosial-iqtisadi problemləri ilə seçilən bu qədim Azərbaycan diyarında inkişafın təmin edilməsi standart yanaşmalardan kənar, tamamilə fərqli bir idarəçilik düsturu tələb edirdi.

Dövlət şəhərsalma siyasətinin institusional əsaslarının yaradılması: problemlərin düzgün diaqnostikasından sistemli islahatlara

Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında şəhərsalma siyasətinin formalaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər mövcud vəziyyətin obyektiv diaqnostikasından başlanmışdı. O, əsaslı tikintini iqtisadiyyatın yardımçı sahəsi kimi deyil, sənayeləşməni, yaşayış fondunun genişləndirilməsini, kommunal təsərrüfatın inkişafını və bütövlükdə şəhərsalma prosesini hərəkətə gətirən strateji vasitə hesab edirdi. Bu baxımdan Azərbaycan KP MK-nın 1971-ci ilin iyul Plenumu dönüş nöqtəsi oldu. Əsaslı tikintinin vəziyyətinə həsr olunmuş həmin plenumda Ulu Öndər respublikada bu sahədə ciddi nöqsanların mövcud olduğunu bildirərək, xüsusilə Naxçıvan MSSR-də əsaslı tikintinin daha ağır vəziyyətdə olduğunu prinsipial şəkildə vurğulamışdı. Problemin əsas səbəblərindən biri tikinti işlərinin qeyri-qənaətbəxş təşkili idisə, digər mühüm səbəb muxtar respublikanın özündə müasir tikinti sənayesinin maddi-texniki bazasının formalaşdırılmaması idi. Təsadüfi deyildi ki, 1970-ci illərin əvvəlinədək Naxçıvanda dəmir-beton məmulatları zavodu mövcud deyildi. Hələ 1968-ci ildə təməli qoyulan bu müəssisənin tikintisi son dərəcə ləng aparılmış, üç il ərzində layihənin smeta dəyərinin cəmi 40 faizi mənimsənilmişdi. Bu fakt Ulu Öndərin niyə ilk növbədə tikinti kompleksinin özünün yenidən qurulmasını qarşıya məqsəd qoyduğunu aydın göstərirdi.

Mövcud vəziyyətlə bağlı tənqidi yanaşma qısa müddətdə konkret siyasi qərarlarla davam etdirildi. Azərbaycan KP MK Bürosunun 1972-ci ilin oktyabr iclasında 1971-ci il iyul Plenumunun qərarlarının icrası və Naxçıvan Vilayət Partiya Komitəsinin əsaslı tikintiyə rəhbərlik sahəsində fəaliyyəti geniş müzakirə olundu. Büro iclasına MK-nın Tikinti və Şəhər Təsərrüfatı şöbəsi tərəfindən hazırlanmış 8 səhifəlik arayış təqdim edilmiş, sənəddə tikinti sahəsindəki nöqsanlar hərtərəfli təhlil olunmuşdu. Müzakirələrin yekununda qəbul edilmiş 9 bəndlik qərarla Naxçıvan VPK-nın bu sahədə fəaliyyəti qeyri-kafi qiymətləndirildi, tikinti işlərinin təşkilində yol verilən qüsurların qısa müddətdə aradan qaldırılması, tikinti sənayesinin maddi-texniki bazasının möhkəmləndirilməsi və qərarın icrası barədə Mərkəzi Komitəyə müntəzəm hesabatların təqdim edilməsi tələb olundu. Beləliklə, şəhərsalma artıq ayrı-ayrı tikinti təşkilatlarının fəaliyyət sahəsi deyil, nəzarət və dövlət məsuliyyəti tələb edən strateji inkişaf istiqaməti kimi idarə olunmağa başladı.

Əsaslı tikinti siyasəti – şəhərsalmanın iqtisadi təməli

1970-ci illərin əvvəllərindən etibarən NMR-da əsaslı tikinti sahəsində həyata keçirilən sistemli islahatlar qısa müddətdə öz real nəticələrini verməyə başladı. Azərbaycan KP MK-nın qəbul etdiyi qərarlar və Ümummilli Lider Heydər Əliyevin bilavasitə nəzarəti altında həyata keçirilən tədbirlər tikinti kompleksinin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulmasına imkan yaratdı. Əsaslı vəsait qoyuluşunun həcmi ilbəil artırıldı, tikinti-quraşdırma işləri genişləndirildi və şəhərsalmanın iqtisadi dayaqlarını formalaşdıran yeni istehsal infrastrukturu yaradıldı. Əgər səkkizinci beşillikdə NMR-da əsaslı tikintiyə 72 milyon manat vəsait yönəldilmişdisə, doqquzuncu beşillikdə bu göstərici 210 milyon manata, onuncu beşillikdə isə 290 milyon manata çatdırıldı. Tikinti-quraşdırma işlərinə ayrılan vəsait də müvafiq olaraq 175 milyon və 240 milyon manat təşkil etdi. Nəticədə, 1971–1980-ci illərdə xalq təsərrüfatının inkişafına yönəldilən əsaslı vəsaitin ümumi həcmi 372 milyon manata çataraq əvvəlki onilliklə müqayisədə 138 milyon manat artdı.

Əsaslı tikinti siyasətinin mühüm istiqamətlərindən biri tikinti sənayesinin özünün formalaşdırılması idi. Bu məqsədlə tikinti materialları istehsal edən müəssisələrin fəaliyyəti genişləndirildi, mövcud istehsal gücləri artırıldı, tikinti təşkilatlarının texniki təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Doqquzuncu və onuncu beşilliklər ərzində muxtar respublikada tikinti maşınlarının sayı 285-dən 363-ə yüksəldi. Tikinti proseslərinin mexanikləşdirilməsi ardıcıl şəkildə genişləndirildi və tikintidə kompleks mexanikləşdirmənin səviyyəsi 55,2 faizdən 66,7 faizə çatdırıldı. Görülən tədbirlər nəticəsində 1971–1980-ci illərdə tikinti sahəsində əmək məhsuldarlığı 77,1 faiz artdı, sahədə çalışan işçilərin sayı isə 1980-ci ildə 5 min nəfərə çatdı. Tikinti kompleksinin təşkilati strukturunun təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atıldı. 1976-cı ildə Naxçıvan Meliorasiya və Su Tikinti Trestinin yaradılması su təsərrüfatı və mühəndis-kommunikasiya obyektlərinin tikintisini sürətləndirməklə yanaşı, kənd yaşayış məntəqələrinin və yeni şəhər ərazilərinin inkişafı üçün mühüm zəmin yaratdı.

Gücləndirilmiş tikinti bazası qısa müddətdə şəhərsalma siyasətinin praktik nəticələrində öz əksini tapdı. Doqquzuncu beşillikdə muxtar respublikada 20-dən artıq iri xalq təsərrüfatı obyekti istifadəyə verildi, 14,8 min kvadratmetr yaşayış sahəsi tikilərək əvvəlki beşilliklə müqayisədə 52 faiz artım təmin olundu. Sonrakı beşillikdə daha 7 sənaye müəssisəsi istifadəyə verildi, bir sıra istehsal obyektləri yenidən quruldu və 1985-ci ildə Naxçıvanın sənaye kompleksi artıq 100-dən çox müəssisəni, o cümlədən 50 iri dövlət müəssisəsini əhatə edirdi. 1970–1985-ci illərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə yaradılmış əsas fondların ümumi dəyərinin 783 milyon manata çatması şəhərsalma siyasətinin yalnız yeni binaların inşası ilə məhdudlaşmadığını, onun güclü istehsal bazası və dayanıqlı iqtisadi potensial üzərində qurulduğunu təsdiq edir. Məhz bu iqtisadi təməl sonrakı illərdə Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər şəhər və rayon mərkəzlərində genişmiqyaslı yaşayış, sosial və mühəndis infrastrukturunun formalaşdırılmasına əlverişli şərait yaratdı.

NMR-nın yeni memarlıq simasının formalaşdırılması və şəhərsalma siyasətinin sosial məzmunu

Əsaslı tikinti kompleksinin gücləndirilməsi Naxçıvanda şəhərsalma siyasətinin eyni zamanda, yeni konseptual əsaslar üzərində formalaşdırılmasına imkan verdi. Ulu Öndər Heydər Əliyevin şəhərsalmaya olan kompleks yanaşmasının nəticəsi olaraq Naxçıvan şəhərinin perspektiv inkişaf baş planı hazırlanmış, onun həyata keçirilməsi birbaşa respublika rəhbərliyinin nəzarətində saxlanılmışdı. 1978-ci ilin oktyabrında Naxçıvana səfəri zamanı Ulu Öndər şəhərin gələcək tikintisinin baş planını özü ilə Bakıya apararaq Azərbaycan KP MK Bürosunda müzakirəyə çıxarmış, 1980-ci ilin mayında isə həmin planı yenidən nəzərdən keçirərək bildirmişdi: “Əgər bu baş plan əsasında tutulmuş bütün tədbirlər həyata keçirilsə, Naxçıvan şəhəri qısa müddətdə daha da gözəlləşər və abadlaşar.” Məhz bu hadisədən çox keçməmiş Naxçıvanda qısa müddət ərzində üç yeni mikrorayon salındı, əvvəlki mərhələlərdən fərqli olaraq fərdi layihələr üzrə 9–12 mərtəbəli yaşayış binaları inşa edildi, Evtikmə Kombinatının yaradılması isə iri yaşayış massivlərinin sürətlə tikilməsinə imkan verdi.

Heydər Əliyevin şəhərsalma konsepsiyasının mühüm cəhətlərindən biri müasir memarlıq ilə milli-mədəni irsin vəhdətinin təmin edilməsi idi. O, Naxçıvanın memarlıq simasının sırf tipik sovet layihələri ilə formalaşdırılmasına qarşı çıxaraq memarlıqda yerli ənənələrin, milli ornamentlərin və tarixi irsin qorunmasını xüsusi tələb kimi irəli sürürdü. 1978-ci ildə keçirilən partiya-təsərrüfat fəalları yığıncağında memarlara, rəssamlara və inşaatçılara müraciətlə şəhərin yeni məhəllələrinin milli memarlıq üslubunda layihələndirilməsini, fərdi layihələr əsasında orijinal inzibati və ictimai binaların tikilməsini tövsiyə etmişdi. Onun şəxsi nəzarəti altında Möminə Xatun Türbəsinin bərpası həyata keçirildi, kompleks ətrafında geniş abadlıq işləri görüldü, qədim memarlıq elementlərinin yeni tikililərdə tətbiqinə xüsusi diqqət yetirildi. Bununla yanaşı, Qızlar bulağı kompleksinin yenidən qurulması başa çatdırıldı, yeni parklar və xiyabanlar salındı, Naxçıvan şəhərinin yaşıllaşdırılması məqsədilə 1974-cü il 8 yanvar tarixli qərara uyğun olaraq xüsusi təsərrüfat hesablı Yaşıllaşdırma İdarəsi yaradıldı, həmin ilin martında isə Naxçıvan VPK nəzdində abadlıq və yaşıllaşdırma işlərinə nəzarət edən xüsusi komissiya fəaliyyətə başladı. Beləliklə, şəhərin estetik simasının formalaşdırılması gözəlləşdirildi.

Şəhərsalma siyasətinin əsas məqsədlərindən bir digəri isə insanların həyat keyfiyyətini yüksəldən sosial infrastrukturun formalaşdırılması idi. 1970-ci illərdə muxtar respublikada ümumilikdə 580,1 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmiş, bunun 270,1 min kvadratmetri dövlət və kooperativ təşkilatları tərəfindən inşa edilmişdi. Nəticədə 96 min nəfər, yəni demək olar ki, hər iki ailədən biri mənzil şəraitini yaxşılaşdırmaq imkanı əldə etmişdi. Paralel olaraq sosial təyinatlı obyektlərin tikintisi də geniş vüsət aldı. 1971–1980-ci illərdə 24 594 şagird yerlik 37 yeni məktəb binası istifadəyə verildi ki, bu da əvvəlki onilliklə müqayisədə 3,1 dəfə çox idi. Eyni dövrdə 83 klub, 51 kitabxana, yeni muzeylər və mədəniyyət müəssisələri yaradıldı, kənd kitabxanalarının sayı 240-a çatdırıldı. Səhiyyə infrastrukturunda isə Naxçıvan şəhərində 150 çarpayılıq uşaq xəstəxanası, respublika xəstəxanasının yeni korpusu, təcili yardım stansiyası, stomatoloji poliklinika, göz xəstəxanasının yeni binası, Dəridağ balneoloji müalicəxanası, Şahbuz, Culfa və Şərur rayonlarında müasir xəstəxanalar istifadəyə verildi. 1980-ci ildə muxtar respublikada artıq 48 xəstəxana, 6 dispanser, 147 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi.

Şəhərsalma siyasətinin sosial komponenti ticarət, məişət xidməti və kommunal infrastrukturun inkişafında da özünü aydın göstərirdi. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 8 yanvar 1974-cü il tarixli qərarına əsasən Naxçıvan şəhərində univermaq, ikimərtəbəli kafe, Ordubadda kolxoz bazarı və univermaq, Culfada kitab mağazası, kəndlərdə isə 23 yeni ticarət obyekti tikildi. Təkcə 1971–1975-ci illərdə Naxçıvan şəhərində “Uşaq aləmi”, mebel, qastronom, idman malları və təsərrüfat mağazaları istifadəyə verildi, növbəti beşillikdə isə muxtar respublika üzrə 80-ə yaxın ticarət və ictimai iaşə müəssisəsi fəaliyyətə başladı. Məişət xidməti müəssisələrinin sayı 1970-ci ildəki 380-dən 1980-ci ildə 539-a, burada çalışanların sayı 713 nəfərdən 1305 nəfərə yüksəldi, göstərilən xidmətlərin həcmi isə təxminən 2,5 dəfə artdı ki, bu da əhalinin gündəlik həyat şəraitinin yaxşılaşmasının mühüm göstəricilərindən biri idi.

Kənd yaşayış məntəqələrinin planlı inkişafı da bu dövrdə həyata keçirilən regional siyasətin mühüm istiqamətlərindən idi. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin qərarlarına uyğun olaraq kəndlərin baş planlar əsasında yenidən qurulmasına başlanıldı, plansız tikintinin qarşısının alınması və müasir kəndsalma prinsiplərinin tətbiqi əsas məqsəd kimi müəyyənləşdirildi. Bu siyasətin nəticəsi olaraq Cavadxan, Böyükdüz və Qaraxanbəyli yeni yaşayış məntəqələri salındı, Şərur rayonunun Təzəkənd və Danzik, Babək rayonunun Süst kəndlərinin əhalisi yeni planlaşdırılmış kəndlərə köçürüldü. Yeni yaşayış məntəqələrində məktəb, klub, kitabxana, tibb məntəqəsi, ticarət və məişət xidməti obyektləri ilə birlikdə kompleks sosial infrastruktur formalaşdırılırdı. 1970-ci illərdə kənd yerlərində 204,2 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmiş, 20 mindən çox kənd sakini yeni fərdi ev tikmişdi.

Kommunal infrastrukturun müasirləşdirilməsi və nəqliyyat şəbəkəsinin inkişafı

1970-ci illərdə Naxçıvan MSSR-də həyata keçirilən əsaslı şəhərsalma proqramının mühüm istiqamətlərindən biri kommunal infrastrukturun müasirləşdirilməsi idi. Bu dövrdə şəhər və kənd yaşayış məntəqələrinin içməli su, elektrik enerjisi və qaz təminatının yaxşılaşdırılması dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 8 yanvar 1974-cü il tarixli qərarında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, yeni su kəmərlərinin çəkilməsi, mövcud su təsərrüfatının yenidən qurulması, şəhərlərdə yaşıllaşdırma idarələrinin yaradılması və kommunal təsərrüfatın genişləndirilməsi üzrə konkret tapşırıqlar müəyyən edilmişdi. Bu qərarların icrası nəticəsində Daşarx–Naxçıvan magistral su kəməri istifadəyə verildi, Şərur rayonunun kəndləri ilk dəfə mərkəzləşdirilmiş içməli su sistemi ilə təmin olundu, eyni zamanda Babək rayonunun bir sıra yaşayış məntəqələrinin su təminatı da yaxşılaşdırıldı. Şahbuz qəsəbəsinə Arınc kəndindən yeni su xəttinin çəkilməsi, Culfa rayonunun Yaycı, Ərəzin, Xanağa, Bənəniyar, Qazançı, Babək rayonunun Nəzərabad kəndi və digər yaşayış məntəqələrində yeni su mənbələrinin istifadəyə verilməsi kənd əhalisinin sosial-məişət şəraitində mühüm dönüş yaratdı. Nəticədə şəhər və şəhər tipli qəsəbələrdə adambaşına düşən sutkalıq su təminatı 1970-ci ildəki 145 litrdən 1980-ci ildə 266 litrə yüksəldi.

Kommunal xidmətlərin digər mühüm istiqaməti qazlaşdırma və elektrikləşdirmə idi. 1970-ci illərin sonlarında muxtar respublikanın bütün yaşayış məntəqələri elektrik enerjisi ilə təmin edilmiş, elektrik məişətdə əsas enerji mənbəyinə çevrilmişdi. Qazlaşdırma sahəsində isə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Yevlax–Xankəndi–Naxçıvan magistral qaz kəmərinin tikintisi dövlət səviyyəsində prioritet layihə elan olundu. SSRİ Qaz Sənayesi Nazirliyinin layihəni təxirə salmaq cəhdlərinə baxmayaraq, onun təkidi ilə tikinti davam etdirildi və 1980-ci ildə magistral qaz kəməri istismara verildi. İldə 2,4 milyard kubmetr ötürmə gücünə malik olan bu kəmər təkcə Naxçıvan MSSR-ni deyil, həm də Keçmiş Dağlıq Qarabağ və marşrut boyunca yerləşən digər yaşayış məntəqələrini qazla təmin etmək üçün nəzərdə tutulmuşdu.

Naxçıvanın anklav vəziyyəti nəqliyyat və rabitə infrastrukturunun inkişafını xüsusi strateji əhəmiyyətli sahəyə çevirmişdi. Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə avtomobil yollarının, dəmir yolu xətlərinin, hava nəqliyyatının və rabitə sisteminin yenilənməsinə geniş investisiyalar yönəldildi. 1970–1980-ci illərdə muxtar respublikada 422 kilometr yeni avtomobil yolu çəkildi və mövcud yollar əsaslı təmir olundu. Naxçıvan–Tənənəm, Gümüşlü–Cağazur, Maxta–Qarabağlar, Yayıcı–Dizə–Kırna, Culfa–Cuğa, Milax–Teyvaz, Badamlı–Şada, Şahbuzkənd–Keçili və digər istiqamətlərdə istifadəyə verilən yollar, xüsusilə sərhəd və dağlıq ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsində mühüm rol oynadı. Gilançay və Əlincəçay üzərində, eləcə də Üstüpü, Çənnəb, Nehrəm və Çeşməbasar–Gürzüt istiqamətlərində yeni körpülərin tikilməsi ilboyu fasiləsiz nəqliyyat əlaqələrinin təmin olunmasına imkan verdi. Dəmir yolu sahəsində Culfa–Noraşen xəttinin elektrikləşdirilməsi, Naxçıvan, Culfa, Şərur və Ordubad vağzallarının yenidən qurulması, Bakı–Noraşen marşrutunun fəaliyyətinin yaxşılaşdırılması sərnişin daşımalarının həcmini artırdı. Eyni zamanda Naxçıvan şəhərində yeni hava limanı kompleksinin tikilməsi, Bakı–Naxçıvan hava xəttində An-24 təyyarələri ilə müntəzəm reyslərin təşkili muxtar respublikanın ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə xidmət etdi. Rabitə sistemində yeni avtomat telefon stansiyalarının qurulması, poçt şöbələrinin və kənd telefon şəbəkələrinin genişləndirilməsi isə idarəetmənin və əhali xidmətlərinin keyfiyyətini yüksəltdi.

Yekun olaraq qeyd etmək laızmdır ki, Heydər Əliyevin 1970–1980-ci illərdə Naxçıvanda həyata keçirdiyi şəhərsalma siyasəti mahiyyət etibarilə muxtar respublikanın uzunmüddətli inkişaf perspektivlərinə hesablanmış kompleks dövlət siyasəti idi. Bu siyasətin əsasında şəhərsalmanın iqtisadi inkişaf, sosial rifah, mühəndis-kommunikasiya infrastrukturu, milli memarlıq ənənələri və ərazi planlaşdırılması ilə qarşılıqlı vəhdətdə inkişaf etdirilməsi prinsipi dayanırdı. Digər tərəfdən ötən əsrin 70-80-ci illərdə aparılan bu islahatlar mürəkkəb hadisələrin mərkəzində yerləşən muxtar respublikanı tarixin ağır sınaqlarına hərtərəfli hazırladı. Buna görə də Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi şəhərsalma siyasəti Azərbaycan dövlətçilik tarixində regional inkişafın dövlət maraqları ilə uzlaşdırılmasının uğurlu nümunələrindən biri olmaqla yanaşı, eyni zamanda müasir Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının formalaşmasına mühüm töhfə vermiş tarixi irs kimi tarixə düşdü.

Yusif MİRZƏZADƏ

Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri