Hərbi İnstitutda xaricdə təhsil imkanlarına həsr olunmuş "Açıq qapı" günü keçirilib
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda xaricdə təhsil imkanlarına həsr olunmuş "Açıq qapı" günü keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə hərbi təhsil almaq istəyən yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynləri, media nümayəndələri, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti iştirak edib.
Açılış nitqi ilə çıxış edən İnstitutun Təhsil şöbəsinin rəisi polkovnik Rüstəm Ağayev bildirib ki, tədbirin əsas məqsədi xaricdə təhsil almaq istəyən abituriyentləri məlumatlandırmaq, ölkəni layiqincə təmsil edəcək gənclərin hazırlanmasına töhfə vermək və xaricdə hərbi təhsilin əhəmiyyətini izah etməkdir.
O qeyd edib ki, abituriyentlərin şəxsi keyfiyyətləri və gələcək inkişaf potensialı nəzərə alınaraq onların müxtəlif ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində təhsil almaları və ya təhsillərini davam etdirmələri üçün geniş imkanlar yaradılır.
"Əziz abituriyentlər, bu gün verəcəyiniz qərar yalnız ali təhsil müəssisəsi və ya ixtisas seçimi deyil. Bu, gələcək həyat yolunuzun, məsuliyyətinizin və Vətənə xidmət amalınızın seçimidir", – polkovnik R. Ağayev vurğulayıb.
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndəsi Hakan Yıldız qeyd edib ki, Türkiyə və Azərbaycan tarix, dil, mədəniyyət və coğrafi baxımdan bir-birinə sıx bağlı iki qardaş dövlətdir:
"Bu qardaşlıq illər ərzində hərbi sahədə də daha da möhkəmlənərək strateji tərəfdaşlığa çevrilib. "Bir millət, iki dövlət" prinsipi əsasında qurulan əməkdaşlığımız bu gün yalnız silah sistemləri və döyüş texnikası ilə məhdudlaşmır. Süni intellekt, kibertəhlükəsizlik, elektron müharibə, kosmik sistemlər və digər müasir müdafiə texnologiyaları sahələrində də əməkdaşlığımız uğurla davam edir".
Türkiyəli nümayəndə qeyd edib ki, bu səbəbdən Türkiyənin hərbi məktəbləri dəyişən təhlükəsizlik mühitinə uyğun təhsil proqramları ilə kursantları gələcəyin hərbi xidmətinə hazırlayır:
"Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə malik, etik dəyərlərə sadiq, məsuliyyətli və uzun illər peşəkar xidmət göstərə biləcək lider zabitlərin yetişdirilməsi əsas məqsədlərdən biridir. Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq hər keçən gün daha da genişlənir. Birgə təlimlər, qarşılıqlı təhsil proqramları, elmi əməkdaşlıq, texnologiya mübadiləsi və şəxsi heyətin hazırlığı sayəsində iki ölkənin Silahlı Qüvvələri arasında mövcud olan qardaşlıq əlaqələri daha da möhkəmlənir".
H. Yıldız qeyd edib ki, azərbaycanlı gənclərin Türkiyənin hərbi məktəblərini yaxından tanıması xüsusi əhəmiyyət daşıyır:
"Bu təhsil yalnız gələcək hərbi karyeranıza töhfə verməyəcək, eyni zamanda, Azərbaycan və Türkiyənin ortaq təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin qorunmasına xidmət etməyiniz üçün möhkəm zəmin yaradacaq. Biz azərbaycanlı gəncləri Türk hərbi məktəblərində gözləyirik".
Hərbi təhsil almaq istəyən abituriyent Əli Məmmədov bildirib ki, 599 bal toplayıb və xaricdə təhsil almaq istəyir:
"Təhsilimi hərbi sahədə xaricdə davam etdirmək istəyirəm. Tarix və demokratik mübasibətlər ixtisasını seçmək istəyirəm. Hansı ölkədə təhsilimi davam etdirməyi düşünmək üçün biraz tezdir, amma mən Türkiyəni seçərdim. Atam da Fövqəladə Hallar Nazirliyində polkovnik-leytenant vəzifəsindədir. Onun izi ilə getmək istəyirəm".
Yüksək nəticə göstərən - 580.7 bal toplayan digər abituriyent Emin Cəfərli bildirib ki, o, informasiya texnologiyaları və ya təhlükəsizliyi ixtisasında təhsil almaq istəyir:
"Məqsədim hərbi sahədə çalışmaqdır. Mən də Türkiyədə təhsilimi davam etdirmək istəyirəm. Mənim uşaqlığım İkinci Qarabağ müharibəsinə, valideynlərinin uşaqlığı isə Birinci Qarabağ müharibəsinə təsadüf edir. Elə o zamandan hərbi sahəyə həvəsliyəm. Azərbaycan ordusunda xidmət etmək istəyirəm".
Qeyd edək ki, MMU-nun beynəlxalq təhsil əməkdaşlığı proqramları çərçivəsində kursantlar Türkiyə, Almaniya, İtaliya, Koreya və Çin kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı hesabına təhsil almaq imkanı əldə edirlər.








