Şahbuzda “Okean” kafenin fəaliyyəti məhdudlaşdırıldı -

Şahbuzda “Okean” kafenin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

08 Avqust 2025

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şahbuz şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Okean” kafedə plandankənar yoxlama aparılıb. Yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, kafedə gigiyenik qaydalara əməl olunmur, dezinfeksiya işləri aparılmayıb, temperatur rejiminə riayət edilmir. Həmçinin, çiy dönərin qəbulu və termiki emalı zamanı sanitariya normaları pozulub, işçilər tibbi müayinələrdən keçməyib və obyekt qida təhlükəsizliyi qeydiyyatına alınmayıb.

Aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik bildirir ki, bu kimi halların qarşısını almaq məqsədilə ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilib və lazımi tapşırıqlar verilib. İstehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkar edilmiş pozuntularla bağlı zəruri tədbirlər görüləcək.