Babək rayonunda müasir suvarma sistemlərinin tətbiqi genişləndirilir -

Babək rayonunda müasir suvarma sistemlərinin tətbiqi genişləndirilir - FOTO

08 Avqust 2025

Babək rayonunda kənd təsərrüfatı sahəsində suvarma problemlərinin aradan qaldırılması və su ehtiyatlarından daha səmərəli istifadə olunması məqsədilə müasir suvarma texnologiyalarının tətbiqi genişləndirilir.

Hazırda rayon ərazisində 101 kilometr uzunluğunda beton, 152 kilometr torpaq kanal və 149 kilometr qapalı suvarma sistemi mövcuddur. Damcı və çiləmə üsulları kimi suya qənaət edən texnologiyalardan istifadə isə aşağı səviyyədədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi “Səmərəli su, güclü kənd təsərrüfatı” layihəsi çərçivəsində Babək Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə məlumat verilib.

Tədbirdə bildirilib ki, Babək rayonu kənd təsərrüfatı baxımından böyük potensiala malikdir. Bu potensialdan tam istifadə etmək üçün suvarma sistemlərinin müasir tələblərə uyğunlaşdırılması zəruri sayılır.Qeyd olunub ki, rayon ərazisində ümumilikdə 31 min hektara yaxın kənd təsərrüfatına yararlı torpaq sahəsi var və bu sahələrin 14 min 486 hektarı suvarılan ərazilərdir.

Qeyd olunub ki, qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən muxtar respublikaya müasir suvarma avadanlıqları gətiriləcək və bu avadanlıqlar fermerlərə güzəştli şərtlərlə təqdim olunacaq. Mexanizmə əsasən, yerli istehsal olan suvarma sistemlərinin maya dəyərinin 60 faizi, xarici istehsal sistemləri üçün isə 40 faizi dövlət tərəfindən qarşılanacaq. Fermerlər ümumi məbləğin yalnız 20 faizini ilkin ödəniş kimi verəcək, qalan məbləği isə aylıq hissələrlə geri qaytarmaq imkanı əldə edəcəklər.

Bu təşəbbüs su ehtiyatlarına qənaət edilməsinə  və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək.

Tədbir çərçivəsində müasir suvarma sistemlərinin üstünlüklərindən bəhs edən videomaterial nümayiş olunub, mütəxəssislər tərəfindən bu texnologiyaların ənənəvi suvarma üsulları ilə müqayisəli təhlili aparılıb. Eyni zamanda iştirakçılarla birgə müzakirələr keçirilib, fermerlərin təklif və tövsiyələri dinlənilib.