Şahin Mustafayev: Su təchizatı baxımından Naxçıvanda müəyyən çətinliklər müşahidə edilib
"Ötən il su təchizatı baxımından Naxçıvan Muxtar Respublikasında müəyyən çətinliklər müşahidə edilmişdir".
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib.
"Belə ki, ötən il ərzində əsas iki su anbarına, - tutumu 150 milyon kubmetr olan “Arpaçay” su anbarı və tutumu 100 milyon kubmetr olan “Heydər Əliyev” su anbarına, - daxil olan suyun həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təqribən yarıbayarı – 200 milyon kubmetrdən artıq azalmışdır. Tapşırığınıza uyğun olaraq, Naxçıvan Muxtar Respublikası üzrə su ehtiyatlarından səmərəli istifadə və əhalinin su ilə dayanıqlı təchizatı məsələsi Komissiyanın fəaliyyəti çərçivəsində ətraflı müzakirə edilmiş, problemlərin köklü şəkildə həlli ilə bağlı görüləcək tədbirlərin ilkin layihəsi hazırlanmış və yekunda diqqətinizə təqdim ediləcəkdir. Eyni zamanda, Bakı şəhərində və Abşeron yarımadasında içməli su təchizatına, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Sizin rəhbərliyinizlə keçirilən bugünkü müşavirə su ehtiyatlarının səmərəli istifadə edilməsinə, əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xüsusi töhfə verəcəkdir", - o bildirib.








