Səməd Canbaxşiyev: Naxçıvanda teatr sənətinin peşəkar inkişafına töhfə vermək əsas məqsədimizdir

Səməd Canbaxşiyev: Naxçıvanda teatr sənətinin peşəkar inkişafına töhfə vermək əsas məqsədimizdir

13 Noyabr 2025

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 2025-2026-cı il teatr mövsümünə geniş tamaşaçı marağı ilə qədəm qoyub.

13 sentyabr 2025-ci il saat 19:00-da Üzeyir Hacıbəyovun 140 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Filarmoniyası ilə birgə bəstəkarın “O olmasın, bu olsun” operettası tamaşaçılara təqdim olundu. 

İki aylıq fasilədən sonra səhnəmizə qayıdan bu tamaşa təxminən 400 nəfərlik auditoriya qarşısında nümayiş etdirilərək yeni teatr mövsümümüzün uğurlu başlanğıcına çevrildi.

Bu sözləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Teatrın direktor müavini Səməd Canbaxşiyev deyib. 

O qeyd edib ki, Hüseyn Cavidin 143-cü doğum günü münasibətilə böyük dramaturqun “Ana” əsəri əsasında eyniadlı tamaşanı hazırladıq və tamaşaçılara təqdim etdik. 2025-ci ilin aprel ayında elan olunan “Monotamaşalar müsabiqəsi”ndə uğurla çıxış edən monotamaşalar da artıq teatrımızın daimi repertuarında öz yerini tutub. 2025-ci ilin sonunadək K.Abdullanın "Kim deyir ki, simur quşu var imiş?!" əsəri əsasında "Simurq quşu" və U.Şekspirin "Hamlet" əsərinin tamaşaları hazırlanıb tamaşaçılara təqdim olunacaq. 

"Hazırda həftənin cümə, şənbə və bazar günləri teatr səhnəsində uşaqlar üçün saat 12:00-da, böyüklər üçün isə saat 19:00-da tamaşalar nümayiş olunur". 

Direktor müavini bildirib ki, növbəti il üçün planlarımız daha genişdir. Qədim mədəniyyət mərkəzi olan doğma Naxçıvanda teatr sənətinin peşəkar inkişafına töhfə vermək əsas məqsədimizdir.

"Təkcə 2025-ci ildə teatrımız 8 fərqli janrda səhnə əsəri təqdim edib. Bu, Naxçıvan teatrında aktyor məktəblərinin formalaşması və aktyor–rejissor münasibətlərinin peşəkar səviyyədə qurulmasının bariz nümunəsidir. Xüsusilə vurğulamaq istərdim ki, teatrımızın baş rejissoru Mir Qabil Əkbərovun öz yaradıcılıq tədqiqatları nəticəsində formalaşdırdığı “Ağ və Qara” teatr poetikası artıq 3 ildir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında uğurla tətbiq edilir. Bu teatr poetikasının yaxın gələcəkdə beynəlxalq səviyyədə tanınacağı və digər teatr truppaları tərəfindən də tətbiq olunacağı artıq qaçılmaz bir faktdır", - deyə Səməd Canbaxşiyev bildirib.

Müsahibəni hazırladı:

Nəzrin UMAY