Şərur rayonunda kartof yığımına başlanılıb -

Şərur rayonunda kartof yığımına başlanılıb - FOTO

10 İyun 2026

Şərur rayonunda kənd təsərrüfatının əsas sahələrindən biri olan kartofçuluqda məhsul yığımına başlanılıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fevral ayında əkilən kartof sahələrində hazırda qızğın yığım işləri aparılır. Fermerlər və ailə təsərrüfatları yetişdirilən məhsulun vaxtında və itkisiz toplanması üçün səylə çalışırlar.

Rayonun münbit torpaqları, əlverişli iqlim şəraiti və geniş suvarma imkanları bu il də kartof sahələrində yüksək məhsuldarlığın əldə edilməsinə əlverişli şərait yaradıb. Aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol və keyfiyyətli məhsul yetişdirilib.

Rayonun Sərxanlı kənd sakini Hüseyn Cəfərovun təsərrüfatında da məhsul yığımı başlanılıb. Fermer bildirir ki, mövsüm ərzində əkin sahələrinə lazımi qulluq göstərilib, suvarma və becərmə işləri vaxtında aparılıb. Bunun nəticəsində məhsuldarlıq 500-550 sentner çərçivəsindədir. Onun sözlərinə görə, hazırda yığılan kartof həm yerli bazarın tələbatının ödənilməsinə, həm də digər yaşayış məntəqələrinə göndərilməsinə imkan yaradır.

Yığılan məhsul əsasən Şərur rayon bazarında və Naxçıvan şəhərində fəaliyyət göstərən satış məntəqələrində alıcılara təqdim olunur. Təzə və keyfiyyətli yerli kartofa bazarlarda maraq yüksəkdir. Fermerlər məhsulun satışından əldə olunan gəlirin növbəti əkin mövsümünə hazırlıq işlərinin aparılmasına və təsərrüfatların daha da genişləndirilməsinə mühüm töhfə verəcəyini bildirirlər.