“Səyyar Gənclər Evi” Şərurun Gümüşlü kəndində təşkil olunub - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Gümüşlü, Yuxarı Yaycı, Aşağı Yaycı və Şahbulaq kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Nazirliyin əməkdaşı Valeh Mahmudov layihənin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, layihə rayon mərkəzlərindən uzaqda yerləşən kənd və yaşayış məntəqələrində gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual və şəxsi inkişafının, eləcə də sosial fəallığının dəstəklənməsinə xidmət edir.
Qeyd olunub ki, layihənin Şərur rayonunda keçirilməsi vətəndaş qəbulu zamanı səsləndirilən müraciətlə əlaqədardır. Gənclərin ehtiyac və maraqlarına uyğun təşəbbüslərin həyata keçirilməsi diqqətdə saxlanılır.
Rayon təhsil şöbəsinin əməkdaşı Ədalət Əhmədov da çıxış edərək gənclərin hərtərəfli inkişafında təhsillə yanaşı, ictimai fəallıq, dünyagörüşü və komanda bacarıqlarının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra psixoloq Ayxan Hüseynlinin iştirakı ilə komanda quruculuğuna həsr olunmuş təlim keçirilib. Təlimdən sonra iştirakçılar “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı!”, yaddaş və müxtəlif əyləncəli idman oyunlarında bilik və bacarıqlarını sınayıblar.
Yarışların nəticələrinə əsasən, I yerə Şahbulaq kənd tam orta məktəbinin “Turan”, II yerə Aşağı Yaycı kənd tam orta məktəbinin “Ulduzlar”, III yerə isə Gümüşlü kənd tam orta məktəbinin “Gümüşlü Company” komandası layiq görülüb.
Sonda qalib komandalar və yarışlarda fərqlənən iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.












