Slovakiya Azərbaycan qazını alan 14-cü ölkədir

Slovakiya Azərbaycan qazını alan 14-cü ölkədir

09 Dekabr 2025

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev  dekabrın 8-də   Slovakiya Respublikasına səfər edib.  Səfər zamanı Azərbaycan Prezidenti görüşlə bağlı mətbuat üçün açıqlama verib. Bir sıra mühüm məsələlərə toxunan cənab İlham  Əliyev hər iki ölkənin qarşılıqlı əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki,  Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Ölkə başçımız diqqətə çatdırıb ki,  Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında keçən il Birgə Bəyannamə imzalanıb. Bu Bəyannamə hər iki ölkənin arasında  əlaqələri ən yüksək səviyyəyə qaldıran bir  sənəd kimi qiymətləndirilib və onun  imzalanmasından sonra  bütün istiqamətlər üzrə çox fəal əməkdaşlıq imkanları yaranıb.  “Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər”- deyə Azərbaycan Prezidenti vurğulayıb.

  Ölkə başçımız Azərbaycanın zəngin qaz yataqlarına da diqqəti çəkib. Qeyd edib ki,  bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edəkO da faktdır ki, artıq dünyada  Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. İndi Azərbaycan  boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdədir. Bunu xüsusi vurğulayan İlham Əliyev bildirib ki, yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.

“Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur”- deyən cənab İlham Əliyev ölkəmizin zəngin və etibarlı bir tərəfdaş kimi özünü tanıtdığını diqqətə çatdırıb. Mətbuata açıqlamada digər məsələlərə, o cümlədən  Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa da toxunulub. Bu istiqamətdə  imkanların geniş olduğu vurğulanıb. “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”- Azərbaycan Prezidenti deyib.

Bir ay öncə böyük Zəfərin 5 illiyi münasibətilə Bakıda keçirilən tədbirdə slovakiyalı rəsmilər də iştirak edib. Ölkə başçımız bu məqama da toxunub: “Noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq”

Slovakiya bir Avropa ölkəsi olaraq sabitlik və bunun fonunda  iqtisadi inkişafla diqqəti çəkir. Bu ölkə çox güclü sənaye potensialına malikdir. Məhz bu məqama toxunan cənab İlham Əliyev qeyd edib ki, xüsusilə Sizə rəğbət qazandıran odur ki, Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz. Ancaq bu, Sizi yolunuzdan döndərmir və bizim bölgəmizdə Sizin ölkənizə və rəhbərliyə çox böyük hörmət mövcuddur.

 Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanların genişləndirilməsi və Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahənin  də diqqətdən kənarda qalmadığı vurğulanıb. Bundan başqa informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında da  danışıqlar aparılıb. “Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”- deyə Azərbaycan Prezidenti bildirib.

Avropanın daha bir ölkəsi ilə qarşılıqlı əməkdaşlıq və münasibətlərin inkişafı Azərbaycanı dünya səviyyəsində söz sahibi edən nüfuzlu  ölkə olduğunu bir daha sübut edir. 

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti