
Şotlandiyada Novruz bayramı qeyd olunub
Şotlandiyanın Aberdin şəhərində Novruz bayramı qeyd olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" yerli “Aberdeen Business News”a istinadən xəbər verir.
Şəhər yazın gəlişini Novruz bayramı şənliyi ilə qarşılayıb, Azərbaycan ictimaiyyətini və çoxsaylı qonaqları “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının təşkil etdiyi mədəni tədbirdə bir araya gətirib.
Nəşr vurğulayır ki, 2006-cı ildən bəri mütəmadi olaraq keçirilən analoji bayram tədbirləri şəhərin ənənələrinin ayrılmaz hissəsinə və mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün mühüm platformaya çevrilib.
Novruz yenilənmənin, təbiətin oyanmasının və işığın qaranlığa qalib gəlməsinin rəmzidir. “Aberdeen Business News” yazır ki, hər il Aberdindəki bayram tədbirlərinin miqyası genişlənir, müxtəlif millətlərin nümayəndələri cəlb edilir və qarşılıqlı anlaşma və dostluq təşviq edilir.
Bu dəfə bayram tədbiri zəngin mədəni proqramın təqdim olunduğu “Beach Ballroom”da baş tutub. Tədbirin qonaqları bayram ab-havası yaradaraq ənənəvi rəqs nömrələri, gənc iştirakçıların şeir ifaları, eləcə də canlı musiqidən həzz alıblar. Ziyarətçilər üçün mədəni irsin təbliği məqsədilə interaktiv əyləncələr təşkil olunub.
“Novruz sadəcə bahar bayramı deyil, həm də mədəni ənənələrin qorunub saxlanmasında mühüm elementdir. Harada yaşamağımızdan asılı olmayaraq, bu dəyərləri gələcək nəsillərə ötürmək bizim üçün vacibdir. Bu kimi təşəbbüslər şəxsiyyətin möhkəmləndirilməsi və tarixi köklərin qorunub saxlanması baxımından son dərəcə vacibdir”, - təşkilatçılar bildiriblər.