
Valideyn olmaq məsuliyyətdir: Sevgi və dəstəyin əhəmiyyəti
Ailə insanın həyatında ən böyük dayaqlardan biridir. Ata və ana sevgisi övlad üçün təkcə maddi təminat deyil, həm də mənəvi dayaqdır. Lakin bu gün bəzi valideyn-övlad münasibətlərində sevginin azaldığını müşahidə edirik.
Valideyn olmaq yalnız övladı dünyaya gətirmək demək deyil. Bu, həm də onun fiziki və mənəvi ehtiyaclarını qarşılamaq, onu sevgi və qayğı ilə əhatə etməkdir. Sadəcə yemək, geyim və təhsil vermək kifayət etmir; övlad anlayış, dəstək və emosional yaxınlıq da istəyir. Təəssüf ki, bəzi valideynlər uşaqlarının duyğularını və istəklərini görməzdən gəlir, "Biz böyümüşük, daha yaxşı bilirik" prinsipi ilə onların hisslərini heçə sayırlar. Halbuki hər insanın öz həyatı və öz yolu var. Valideynin borcu övladına bu yolda dayaq olmaq, ona inam verməkdir – onu ruhdan salmaq və başqalarının fikrinə qurban vermək deyil.
Cəmiyyətdə bəzən valideynlər övladlarından daha çox qohumların və yad insanların fikirlərini ön plana çıxarırlar. "Qohum nə deyər?", "El-oba nə düşünər?" kimi suallar ailədaxili münasibətlərə mənfi təsir edir və övlad ikinci plana atılır. Halbuki övlad ailənin özüdür, onun bir parçasıdır. Başqalarının fikirləri isə müvəqqəti və əhəmiyyətsizdir.
Övladlarını başqalarının sözləri uğrunda incidən valideynlər anlamalıdırlar ki, bir gün onlar da tək qala bilərlər. Çünki sevgi ilə böyüməyən uşaq gələcəkdə sevgini paylaşmaqda çətinlik çəkir. Sevgi görməyən bir insan, nə ailəsinə, nə də cəmiyyətə bu dəyəri ötürə bilər.
Valideyn olmaq böyük məsuliyyətdir. Bu məsuliyyət yalnız övladı böyütməklə bitmir, onunla dost olmaq, açıq ünsiyyət qurmaq və ona daim dəstək olmaq da vacibdir. Övladlarını qohumların və yad insanların fikirlərinə qurban vermək əvəzinə, onlara güvənmək və yanında olmaq lazımdır. Əgər valideyn övladına dayaq olarsa, o, heç vaxt çətinliklər qarşısında tək qalmayacaq.
Ən böyük dayaq ailədir, ata və ana sevgisidir!
Mənsurə HÜMBƏTOVA
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin redaktoru