Parklarımızı kimin üçün abadlaşdırırıq? Dağıtmayaq, qoruyaq!
Naxçıvan şəhəri ölkəmizin tarix və mədəniyyət beşiyi olmaqla yanaşı, abadlığı və müasir infrastrukturu ilə də seçilir.
Son illərdə burada yaradılan yeni parklar, xiyabanlar və istirahət məkanları sakinlərin və turistlərin sevimli yerlərinə çevrilib. Bu yaşıl zonalar sadəcə gözəllik mənbəyi deyil, həm də ailəvi istirahət, dostlarla görüş, idman və mədəni tədbirlər üçün mühüm məkanlardır.
Lakin bəzən biz bu gözəlliklərə lazımınca dəyər vermir, onların qorunmasına yetərincə diqqət yetirmirik.
Bəzi parklarda sınıq oturacaqlara, istifadəyə yararsız hala salınmış idman avadanlıqlarına, işıq dirəklərinin zədələnməsinə, hətta güllərin tapdanmasına rast gəlirik. Bu isə yalnış yanaşma və məsuliyyətsiz davranışın nəticəsidir. Halbuki bu parklar yalnız dövlətin deyil, hamımızın ortaq sərvətidir.
İctimai mülkiyyətə biganə yanaşmaq yalnız estetik problemlər yaratmır, həm də əlavə məsrəflərə səbəb olur. Sınıq bir oturacağın və ya işıq dirəyinin bərpası üçün vaxt və vəsait tələb olunur. Halbuki bu resurslar yeni layihələrə yönəldilə bilər. Biz öz üzərimizə düşəni etsək, bu kimi problemlərin miqyasını azaltmaq mümkündür.
İctimai məkanlar bizim evimiz qədər önəmlidir. Necə ki, evimizdə nəyinsə sıradan çıxmasına laqeyd yanaşmırıq, eləcə də park və xiyabanlarımızı eyni həssaslıqla qorumalıyıq. Unutmayaq ki, Naxçıvan bizim evimizdir, bura gələn hər bir turist isə qonağımızdır.
Şəhərimizin abadlığını qorumaq təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın vəzifəsidir. Xüsusilə gənc nəslin bu məsuliyyət ruhunda tərbiyələndirilməsi vacibdir. Kiçik diqqət, sadə qaydalara riayət və ətraf mühitə hörmət böyük dəyişikliklərə səbəb ola bilər.
Gəlin, Naxçıvanın gözəlliyini və abadlığını birlikdə qoruyaq. Unutmayaq ki, biz şəhərimizi qoruduqca, şəhərimiz də bizi qoruyacaq!
İlkin Qaziyev