Naxçıvanda təmizlik aksiyası keçirilib - FOTO
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” devizi altında təmizlik aksiyası keçirilib. Tələbə və məktəblilərin cəlb olunduğu aksiyada iştirakçılar Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı istirahət kompleksinin ərazisində təmizlik işləri görüb, ətraf ərazini tullantılardan təmizləyiblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, cari il ərzində Nazirlik tərəfindən bu cür təmizlik aksiyaları davamlı olaraq təşkil olunacaq. Aksiyaların keçirilməsində əsas məqsəd gənc nəsildə ətraf mühitə qarşı həssaslığı və diqqəti formalaşdırmaq, sosial məsuliyyət hissini gücləndirmək və onları ətraf mühitin qorunmasına təşviq etməkdir.
Vurğulamaq yerinə düşər ki, məişət tullantılarının ətraf mühitə atılması hallar yolverilməzdir. Qanunvericiliyə uyğun olaraq tullantıları ətrafa atmaqla bağlı qanun pozuntularına görə müəyyən edilmiş cərimələr tədbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən "Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə" fiziki şəxslər üç yüz manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə dörd min manat məbləğində cərimə edilir. 271-ci maddəyə uyğun olaraq isə “Tullantıların qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə” fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək, vəzifəli şəxslər iki min manatdan üç min manatadək, hüquqi şəxslər isə altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Biz də öz növbəmizdə cəmiyyətimizə bir daha ətraf mühitin canlı olduğunu xatırladır, onları məsuliyyətlərini dərk etməyə və sağlam ekoloji mühitdə yaşamaq üçün birlik olmağa səsləyirik.