Xonçalı Novruz gəlir

Xonçalı Novruz gəlir

18 Mart 2025

Dünya xalqlarının özünəməxsus milli bayramları həm də onların milli soy-kökünün təsdiqi, adət-ənənələrin zənginliyinin göstəricisidir. Amma etiraf edək ki, qədim türklər və Şərq xalqlarının bəzilərində qeyd edilən Novruzun bayramlar sırasında xüsusi yeri var. Təbiətdə yeni həyatın, yeni günün başlandığı zamana təsadüf edən Novruz Azərbaycan xalqının hər bir nümayəndəsinin  ən sevimli milli bayramıdır. Yaşından, sosial statusundan asılı olmayaraq hər kəs bu bayrama xüsusi hazırlaşır. Şənlik, tonqal üzərindən atılmaqla qeyd edilən qədim ayin, “Kosa-kosa” kimi meydan tamaşası, iştirakçılardan deyə-gülə, zarafatla  pay toplama kimi məqamları özündə birləşdirməklə Novruz həm də xalqımızın yaradıcılıq təxəyyülünün qədim zamanlarda necə inkişaf etdiyini sərgiləyir.

Bu bayramın xüsusi üstünlüyü isə küsənlərin barışması, kin-küdurətin unudulması üçün göstərilən təşəbbüsdür. Bununla  bağlı Ulu Öndər Heydər Əliyev deyirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır...”.

Novruz həm də bolluq, bərəkət, xoş güzəran rəmzidir. Ona görə də bu gündə hamı bir-birinə xoş sözlərlə gözəl arzular diləyir. Hətta bu gün niyyət edilən diləklərin mütləq şəkildə çin olacağına min illərdir ki, xalqımız inanır. Ona görə də torpaqlarımız işğal olunan vaxtlarda hər il  bu bayram günüdə elliklə hər kəs bir arzu tuturdu: “İşğal altında olan  torpaqlarımızda bu bayramı qeyd edək!” Nəhayət ki,  müzəffər Ali Baş Komandan İlham Əliyev  Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının bu arzusunu  reallaşdırdı. Müzəffər Azərbaycan Ordusu  Ali Baş Komandanın rəhbərliyi altında  doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə də Novruz bayramını qeyd edirik.

Novruz öz ictimai mahiyyətinə və sağlam məqsədlərinə, fanatiklikdən uzaq  ayinlərinə görə  bu gün dünyanın diqqətini çəkir. Artıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Eyni zamanda bu bayram Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan, Əfqanıstan, İranda  geniş qeyd edilir.

Novruz həm də birlik, həmrəylik günü kimi də qeyd edilir. Çünki xalqımızın qədim ənənələrinə görə bu gün imkansızlara əl tutulur, yaşlılar, qocalar ziyarət edilir. Evlərdə axşam torba atacaq, şal sallayacaq gənclər,  uşaqlar üçün xüsusi ehtiyat paylar: şəkərbura, paxlava, şor qoğal, konfet, yumurta tədarük olunur. Çünki heç kəs bu gün üz tutduğu evdən əliboş qayıtmamalıdır. Bu gün hər kəs tək özünü deyil, həm də digərlərini də düşünür. Hətta elliklə arxlar təmizlənir, köməyi olmayanların qışın qar-yağışından uçan divarları hörülür, köməksizlərin evləri, həyət-bacaları təmizlənir. Torpağın əkilib-becərilməsinə də bu gündən başlamaq daha məsləhətdir.  Elə bu adətə sadiq qalan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə  2007-ci il Novruz bayramı ərəfəsində “Hərəmiz bir ağac əkək” kampaniyası başlamışdır. Bu ənənə bu gün də davam edir. Nəticədə milyonlarla ting əkilmiş, yaşıllıq sahələri genişlənmişdir. 

Novruz bayramı bu gün Azərbaycanda elə təmtəraqla qeyd edilir ki, dünyanın Şərq xalqlarına məxsus olan bu bayramı haqqında bilməyən digər xalqları onun sırf Azərbaycanda yarandığını düşünür. (Bəlkə də bu belədir!) Çünki, bu bayram qeyd etdiyimiz kimi, təkcə sıravi vətəndaşlar deyil, ölkədə hər kəsin sevimli bayramıdır. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Amma xalqımız bu bayramın bütün xüsusiyyətlərini lap dərindən araşdırıb. Həm də bu zamanda təbiətdə gedən prosesləri mükəmməl şəkildə izləyərək onları sistemləşdirə bilib. Bildiyimiz kimi, Novruza qədər 4 çərşənbə  qeyd edilir. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, sahildəki buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Havanın isinməsi ilə güclü külək axını yaranır.   Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Torpaq əkinə tam hazır olur. Maraqlı burasıdır ki, indi  dünyanın ən müasir texnologiyaları təbiətdə gedən bu əlamətləri aydın şəkildə isbat edir.  Halbuki , xalqımız bunu min illər bundan əvvəl bilirdi.

Bu gündə süfrələrimizin də xüsusi şəkildə bəzənməsi ayrıca diqqəti çəkir. Milli kulinariya mədəniyyətimiz həm də bu bayramda öz təbii, doğal,  sağlamlıq prinsiplərimizi də ortaya qoyur. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bunlar isə yenicə başlayan və insan orqanizminə bir başa təsir edən yazın gəlişində mühüm qidalanma vərdişləridir. Sağlamlıq baxımdan sadalanan ərzaqlar öz kalorisi və vitaminlərlə zənginliyi ilə seçilir. Qışdan çıxan orqanızmın bərpası üçün bəlkə də ən ideal yeməkdir.   

Bu günlərdə gənclər arasında keçirilən at yarışları, çovkan oyunu, kəndirbaz oyunu, yumurta döyüşmə ilə yanaşı Kosa ilə Keçəlin meydana gəlməsi də yadda qalan adətlərimizdəndir. Novruz yuxarıda da qeyd etdiyimiz kimi, əslində simvolika ilə zəngindir.  Burada ortaya qoyulan hər nəsnənin arxasında ənənəvi bir mesaj dayanır. Məsələn, Kosa qışı,  Keçəl  isə yazı simvolizə edir.     

Novruz ərəfəsində ölkə səviyyəsində mühüm tədbirlər keçirilir. Bayram əhval ruhiyyəsinin artırılması üçün addımlar atılır.  Ölkə başçısı tərəfindən ənənəvi olaraq bu günlərdə imzalanan əfv sərəncamları Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür. 2021-ci ilin martın 20-də Novruz bayramını Şuşada qeyd edən Ölkə başçımız çox gözəl vurğulayıb: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik...”

Bu gün yenə də xalqımız Novruz əhval ruhiyyəsinə, yəni bayram sevincinə köklənib. Xalq arasında çox gözəl bir deyim var, Novruzu bir il necə keçirdinsə, 7 il onu elə də keçirəcəksən. Ona görə də çalışaq ki, bu bayramı həmişə yüksək əhval ruhiyyə ilə qeyd edək! Bayramınız mübarək!

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti