Son nəfəsə qədər:

Son nəfəsə qədər: Çanaqqala 110

18 Mart 2025

Çoxəsrlik ümumtürk tarixində dönüş nöqtələri, adətən, millətin iradəsinin sərt sınaqlara çəkildiyi, mühüm tarixi qərarların qəbul edildiyi və qəhrəmanlıq salnamələrinin yazıldığı hadisələrlə müşahidə olunmuşdur. 1915-ci il martın 18-də Osmanlı İmperiyasının ərazi bütövlüyünü qorumaq, Çanaqqala boğazının strateji əhəmiyyətini saxlamaq və ən əsası, düşmən qüvvələrinin paytaxt İstanbula doğru irəliləməsinin qarşısını almaq məqsədilə başlanan döyüşlər təkcə türk tarixində deyil, bütün dünya hərb tarixində mühüm bir mərhələ kimi öz yerini tutmuşdur. Müharibənin ilk illərində Antanta dövlətləri Osmanlını zəiflədərək boğazları nəzarətə götürmək, bununla da Rusiyaya açıq dəstək vermək və Şərq cəbhəsindəki balansı dəyişdirmək istəyirdi. Lakin bu plan Osmanlı ordusunun misilsiz əzmkarlığı, strateji manevrləri və qətiyyətli müdafiə taktikaları nəticəsində uğursuzluğa düçar oldu. Bu savaş sadəcə döyüş meydanındakı qarşıdurma deyil, eyni zamanda siyasi baxımdan bir millətin öz müqəddəratını qorumaq uğrunda göstərdiyi qətiyyətin parlaq nümunəsi idi.

Osmanlı ordusu məhdud resurslara, müharibənin gətirdiyi ağır şərtlərə baxmayaraq, nümayiş etdirdiyi misilsiz dözümlülük, mükəmməl təşkilatlanma bacarığı və döyüş meydanında tətbiq etdiyi çevik strategiyalar sayəsində düşmənin planlarını alt-üst etdi. Antanta qüvvələrinin məqsədi Osmanlını müharibədə neytrallaşdırmaq, boğazları ələ keçirməklə Şərq cəbhəsində üstünlük əldə etmək olsa da, Çanaqqala döyüşləri onların bu niyyətlərini tamamilə iflasa uğratdı. Bu hadisə təkcə hərbi cəhətdən deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Əgər Antanta qüvvələri uğur qazansaydı, Osmanlının süqutu daha erkən baş verə bilər və bölgədə siyasi qüvvələr nisbəti kəskin şəkildə dəyişə bilərdi.

Martın 18-də Britaniya və Fransa donanmalarının birgə həyata keçirdiyi genişmiqyaslı hücum əməliyyatı, əslində, Osmanlının son gücünü sınamaq üçün nəzərdə tutulmuşdu. Lakin Osmanlı sahil artilleriyasının dəqiq atəş gücü və dənizdə strateji baxımdan peşəkarlıqla yerləşdirilmiş mayınlar sayəsində düşmən gəmiləri ciddi zərər gördü. Xüsusilə, "Bouvet", "Irresistible" və "Ocean" hərbi gəmilərinin batırılması düşmən qüvvələrinin planlarını iflasa uğratdı. Beləliklə, Antanta qüvvələri təkcə hərbi itki vermədi, eyni zamanda, geosiyasi baxımdan mühüm strateji təşəbbüsü də itirdi.

Dənizdə uğursuzluğa düçar olan düşmən qüvvələri bu dəfə quru döyüşlərinə ümid bağladı. Aprelin 25-də Gelibolu yarımadasında başlanan genişmiqyaslı quru əməliyyatlarında Osmanlı ordusu, xüsusilə 19-cu diviziya, göstərdiyi şücaət və fədakarlıqla döyüşlərin seyrini dəyişdi. Mustafa Kamal Atatürkün tarixi əmri – "Mən sizə döyüşməyi deyil, ölməyi əmr edirəm!" – Osmanlı əsgərinin fədakarlığını, əyilməz iradəsini və döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Siyasi aspektdən baxıldıqda, bu əmrin nəticələri təkcə döyüş meydanında deyil, həm də türk xalqının milli dirçəlişi üçün mühüm bir təkan rolunu oynadı. Qərbin imperiyalist siyasətinə qarşı mübarizənin ən parlaq nümunələrindən biri olan Çanaqqala savaşları sübut etdi ki, güc və texnologiya qədər milli ruh və inam da qələbənin açar faktorlarından biridir.

Çanaqqala savaşı yalnız Osmanlı İmperiyasının deyil, həmçinin onun tərkibində olan bütün xalqların birgə mübarizəsi ilə tarixə yazılmış bir qəhrəmanlıq dastanı oldu. Azərbaycanın müxtəlif bölgələrindən Osmanlı ordusuna könüllü olaraq qoşulan döyüşçülər göstərdikləri igidliklə bu savaşın taleyinə mühüm töhfələr verməklə əbədiyyət zirvəsini fəth etdilər. Tarixi mənbələr sübut edir ki, Çanaqqala döyüşlərində yüzlərlə azərbaycanlı iştirak edərək Osmanlı qüvvələrinin yanında çiyin-çiyinə vuruşmuş, bu iştirak sadəcə bir dəstək deyil, eyni zamanda türk xalqları arasındakı qardaşlığın simvolu halına gəlmişdir. Digər yandan, Çanaqqala savaşının nəticələri bütövlükdə türk dünyasında milli şüurun möhkəmlənməsinə və azadlıq ideyalarının daha dərindən dərk edilməsinə şərait yaratdı.

Çanaqqala zəfəri yalnız bir qalibiyyət deyildi; bu, Osmanlı İmperiyasının siyasi və mənəvi baxımdan gücünü qoruyub saxlamağa nail olduğu tarixi bir mərhələ idi. Osmanlı bu savaşla bir daha sübut etdi ki, daxili böhrana baxmayaraq, xarici düşmənə qarşı mübarizə, milli birlik və iradə hər zaman eyni məqsədə xidmət edir. Məhz bununla bağlı olaraq bu gün Çanaqqala döyüşləri Türkiyənin müasir dövlətçilik ideologiyasının formalaşması prosesinə təsir göstərən əsas amillərdən biri hesab olunur və gələcək nəsillər üçün milli ruhun və müstəqillik uğrunda mübarizənin vacibliyini aydın şəkildə nümayiş etdirir.

Bu gün Çanaqqala zəfəri yalnız Türkiyə üçün deyil, bütün türk xalqları üçün qürur mənbəyi olmaqla yanaşı, eyni zamanda milli birliyin və qardaşlığın əbədi simvolu kimi yaddaşlarda yaşayır. Çanaqqala savaşının bizə verdiyi ən böyük dərslərdən biri də milli birlik, fədakarlıq və azadlıq uğrunda mübarizənin hər zaman bir millətin varlığının qorunması üçün həlledici amil olmasıdır. Bu savaş göstərdi ki, torpaq və müstəqillik uğrunda aparılan haqq mübarizəsi heç vaxt boşa çıxmır. Şəhidlərin mirası bu gün də türk xalqlarının birliyini daha da gücləndirir və onu gələcək nəsillər üçün əbədi örnəyə çevirir.

Yusif MİRZƏZADƏ

Naxçıvan Dövlət Universiteti

Tələbə Elmi Cəmiyyətinin sədri