TƏHSİLİMİZİN BÖYÜK HİMAYƏDARI

TƏHSİLİMİZİN BÖYÜK HİMAYƏDARI

18 May 2023

Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan Respublikası regionun ən nüfuzlu, qüdrətli və sabit ölkəsidir. Ölkəmiz haqq, ədalət uğrunda mübarizədə, işğal edilmiş ərazimizin azad edilməsində qalib ölkə kimi dünyada tanınır. Ölkəmizin iqtisadiyyatı, sənayesi, maarif və mədəniyyəti getdikcə inkişaf edir, dünya standartlarına uyğun olaraq müstəqil olaraq öz yolunu davam etdirir. Bütün bu uğurların, bu qələbələrin təməli ulu öndər Heydər Əliyev dövründən qoyulmuşdur.
Müstəqilliyimizin ilk illərindən başlayaraq təhsilin əsil himayədarı kimi dahi rəhbər təhsilimizin inkişafına, tərəqqisinə xüsusi diqqət və qayğı göstərdi. O yaxşı bilirdi ki, hər cür inkişafın, bütün uğurların, qələbələrin təməlində təhsil dayanır. Təhsilsiz heç bir inkişaf ola bilməz. Təhsilin cəmiyyətin tərəqqi və inkişafında xüsusi rolu olduğunu dəyərləndirən Heydər Əliyev deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır. Təhsil millətin gələcəyidir”.
Təhsilin cəmiyyətin inkişafında rolunu və insan şəxsiyyətinin hərtərəfli formalaşmasında vacibliyini qiymətləndirən Heydər Əliyevin bu sahədə qəbul etdiyi sərəncamlar, dəyərli göstəriş və tövsiyələr bu gün də aktual və əhəmiyyətlidir.
Ulu öndər yetişən gənc nəslin düzgün tərbiyə olunmasını və onların həyatda fəal mövqe tutmasını, hərtərəfli inkişafını ilk növbədə mükəmməl təhsildə, xalqımızın milli-mənəvi dəyərlərini mənimsəməkdə görürdü. O məktəbdən, müəllimdən, təhsilədən danışarkən çox böyük hörmətlə, məhəbbətlə danışırdı. Bu da şübhəsiz onun ilk peşə ixtisas təhsilinin pedaqoji peşə olmasından irəli gəlmişdir.O müəllimlərini həmişə böyük hörmətlə xatırlayır, onların adlarını çəkir, tədris etdiyi fənnlər haqqında böyük həvəslə danışır. Burada qeyd edək ki, Heydər Əliyev harada təhsil almışdırsa orada onun qiymətləri yalnız “əla” qiymətlər olmuşdur. Bütün təhsil illərində o həmişə qabaqcıl olmuş, lider olmuşdur.
Onun ölkəmizə birinci dəfə rəhbərlik etdiyi - 1969-82-ci illərdə milli təhsilimizin inkişafı istiqamətində gördüyü işləri, atdığı addımları yaşlı nəslin nümayəndələri heç vaxt unutmur, gənc nəslin nümayəndələri, tələbələrimiz isə böyük maraqla oxuyub öyrənirlər.
Ulu öndərin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar Azərbaycanda təhsilin inkişafına qüvvətli təsir göstərmişdir. Məhz onun təşəbbüsü ilə 1970-80-ci illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artırılmışdır. Onun uzaqgörənliyinin nəticəsi idi ki, keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində daha çox azərbaycanlı gəncin təhsil almasına imkan yaradılmışdı.
Bundan başqa, perspektivdə müstəqil Azərbaycan dövlətinin qurulacağına əmin olan Heydər Əliyev milli hərbçi mütəxəssislərin hazırlanmasını xüsusi diqqət edirdi. O respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları ataraq, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olmuşdur.
Heydər Əliyev ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi illərdə də təhsil məsələsini daim diqqət mərkəzində saxlayırdı. Onun 2002-ci il oktyabrın 4-də imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Həmin sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə əsaslı zəmin yaratmışdır.
Təhsil sahəsində aparılan işləri sistemli və planlı şəkildə həyata keçirmək məqsədi “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” xalqın geniş müzakirəsinə verildikdən sonra Heydər Əliyev tərəfindən 1999-cu il iyunun 15-də tarixi bir gündə - Milli qurtuluş günündə xüsusi sərəncamla təsdiqləndi .
Beləliklə, müasir təhsil və pedaqoji fikir tariximizə yeni bir səhifə yazıldı ki, bu səhifəyə sonrakı illərdə daha yeni təhsil proqramları, təhsil standartları, təhsil Qanunu, kurikulumlar və ulu öndər Heydər Əliyevin layiqli varisi, siyasi kursunun davamçısı ölkə prezidenti, cənab İlham Əliyev ”Azərbaycan Respublikasında təhsilin inkilşafı üzrə Dövlət Təhsil Strategiyası”- 24 oktyabr, 2013 cü il tarixli mühüm sərəncam imzaladı .
Bu sərəncam təhsilimizin inkişafı üçün uzun müddətli strateji proqramdır ki, təməli Heydər Əliyevin Təhsil İslahat proqramında qoyulmuşdur.

       

Gülmira Sahib qızı Hacıyeva

Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogika və  psixologiya”

kafedrasının  baş müəllimi,  pedaqogika üzrə fəlsəfə doktoru