Uşaq hüquqları və Ümummilli Lider Heydər Əliyevin dövlət uşaq siyasəti

Uşaq hüquqları və Ümummilli Lider Heydər Əliyevin dövlət uşaq siyasəti

01 İyun 2026

"Ümummilli lider Heydər Əliyev: “Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz."

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Hər il iyunun 1-i dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əsası 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının təşəbbüsü ilə qoyulub. Bayram ilk dəfə 1950-ci il iyunun 1-də bir sıra ölkələrdə qeyd olunmağa başlayıb.

Bəşəriyyətin ümumi inkişafı uşaqların hüquqları təmin olunmadan mümkün deyil. Bu istiqamətdə beynəlxalq aləmin əldə etdiyi ən önəmli nailiyyət uşaqların hüququn müstəqil subyekti kimi tanınmasıdır.

Bu gün dünyada uşaq hüquqlarının müdafiəsini təmin etmək məqsədilə çoxlu sayda beynəlxalq standartlar müəyyən edilmişdir. Belə ki, Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 1973-cü il tarixli, 138 saylı Konvensiyası şəxslərin sağlamlığı, təhlükəsizliyi və mənəvi durumu üçün təhlükəli ola biləcək işlər üçün 18 yaşı minimal yaş həddi kimi müəyyən etmişdir.

1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş "Uşaq hüquqları haqqında" Konvensiyası uşaq hüquqlarının qorunması, uşaqların müdafiəsi, rifahı və inkişafı sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş əsas sənədlərdən biridir.

Bu Konvensiyanın 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək uşaq sayılır. Vurğulamaq lazımdır ki, bu Konvensiya uşaqların hüquqlarının qorunması sahəsində ən mükəmməl beynəlxalq sənəddir.

“Uşaq hüquqları haqqında” Konvensiyanın 16-cı maddəsində vurğulanır ki, hər hansı bir uşaq onun şəxsi həyatı, ailə həyatı, mənzilinin toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşınalıqla və ya qeyri-qanuni surətdə müdaxilə obyekti, yaxud onun şərəf və ləyaqətinə qeyri-qanuni qəsd edilmə obyekti ola bilməz. Uşaq belə qeyri-qanuni müdaxilə və ya qəsdən müdafiə olunmaq hüququna malikdir.

Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları Komitəsinin 1989-cu ildə qəbul edilmiş 17 saylı və 1990-cı ildə qəbul edilmiş 19 saylı Ümumi Şərhlərində valideynlərin ayrılması və ya boşanması hallarında “uşağın üstün maraqları” barədə müddəalar əks olunmuşdur. Komitənin 17 saylı Ümumi Şərhində bildirilir ki, nikah pozulduğu halda, uşağın hər iki valideyn ilə şəxsi münasibətlərinin təminatı kimi uşağın üstün maraqları nəzərə alınmaqla, bütün tədbirlər həyata keçirilməlidir.

Həmçinin Komitənin 19 saylı Ümumi Şərhində boşanma, uşağın himayəyə verilməsi, görüş hüquqları və digər hallar nəticəsində uşağın hər hansı ayrı-seçkiliyə məruz qalmasının uşağın üstün maraqları başqa halı nəzərdə tutmadıqda qadağan edildiyi vurğulanır.

Həmçinin Avropa İttifaqının “Fundamental hüquqlar haqqında” Xartiyasının 24-cü maddəsində qeyd olunur ki, uşaqlarla bağlı istər dövlət orqanlarının, istərsə də özəl qurumların hərəkətlərində, uşağın üstün maraqları vacib amil olmalıdır. Hər bir uşaq, bunun onun maraqlarına zidd olması halı istisna olmaqla, hər iki valideyni ilə müntəzəm şəxsi və birbaşa əlaqə saxlamaq hüququna malikdir.

1999-cu ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən Uşaq Əməyinin ən ağır formalarının qadağan olunması və aradan qaldırılması üçün təcili tədbirlərə dair 182 saylı Konvensiya qəbul edilmiş, 2000-ci ildə isə BMT Baş Məclisi tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiyanın iki Fakültativ Protokolu qəbul edilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, ölkəmiz onun rəhbərliyi ilə uşaq hüquqları sahəsində yuxarıda qeyd etdiyimiz bir çox beynəlxalq müqavilələrə qoşularaq bu sahədə müvafiq öhdəlikləri öz üzərinə götürmüşdür.

Belə ki, ölkəmiz 1994-cü ildə Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, 2000-ci ildə “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında” 1975-ci il 15 oktyabr tarixli Avropa Konvensiyasını, 2002-ci ildə isə BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolu”nu və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokolu”nu ratifikasiya etmiş və bunun nəticəsi olaraq milli qanunvericilikdə mühüm islahatlar aparılmışdır.

Ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, həmin vaxt səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərmişdir. 

“Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində qeyd olunur ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 

Həmçinin Konstitusiyamızda valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olduğu, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməyin qadağan olunduğuna dair müddəalar da təsbit edilmişdir.

Uşaqların dövlətin himayəsində olmasının Konstitusiyamızda təsbit olunması Ümummilli lider Heydər Əliyevin müdrikliyindən və xalqına olan böyük sevgisindən irəli gəlirdi.

Azərbaycanda uşaq hüquqların müdafiəsi istiqamətində qəbul edilmiş ən mühüm sənəd 19 may 1998-ci ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, BMT-nin Uşaq hüquqları Konvensiyası, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsi”nə uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqları, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirmişdir.

Ulu öndərin rəhbərliyi ilə uşaq hüquqlarının müdafiəsinə təminat verilərək 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, 2002-ci ildə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, 2003-cü ildə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilmişdir.

Uşaqların sağlam böyüməsi Ulu öndərin xüsusi önəm verdiyi məsələlərdən idi. Bunun üçün uşaq poliklinikalarının, xəstəxanalarının tikintisini ön plana çəkirdi. Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə çoxlu sayda uşaq xəstəxanası və poliklinikası tikilib istifadəyə verilmişdir. Ümummilli liderin ilk növbədə uşaq səhiyyəsinin problemləri ilə ciddi maraqlanması təsadüfi deyildi, bu onun uzaqgörənliyinin ifadəsi idi. O, genofondun sağlamlaşmasını, uşaq ölümünə səbəb olan ağır infeksion xəstəliklərin, epidemiyaların qarşısının alınmasını, kütləvi peyvəndləşməni ön plana çəkirdi ki, xalqımız gələcəkdə bu cür problemlərlə üzləşməsin.

Ulu öndər Heydər Əliyevin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Davamlı olaraq uşaq hüquqları ilə bağlı qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilir, uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşması, sağlam böyüməsinə yönəldilmiş dövlət proqramları qəbul edilir. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan Prezidentimiz cənab İlham Əliyev demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.

Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, görülən işlər Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Sadiq BABAYEV

Hüquqşünas