Azərbaycan Beynəlxalq Elektrotexniki Komissiyasının standartlarını yaymaq hüququ əldə edib

Azərbaycan Beynəlxalq Elektrotexniki Komissiyasının standartlarını yaymaq hüququ əldə edib

20 Fevral 2026

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) rəsmi olaraq Beynəlxalq Elektrotexniki Komissiyasının (IEC) beynəlxalq standartlarının rəsmi nəşrlərini ölkə ərazisində yaymaq hüququ qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, bununla da, elektrik, elektronika və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartların Azərbaycanda rəsmi qaydada yayılması təmin olunacaq.

Əlavə olaraq, IEC standartlarının tətbiqi yerli istehsal olunan məhsulların, göstərilən xidmətlərin və əlaqəli proseslərin keyfiyyətinin yüksəldilməsinə, innovasiyaların tətbiqinə və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərəcək.

AZSTAND bu ildən IEC-də assosiativ üzv qismində təmsil olunur. Bu status quruma həm IEC-in standart bazasından yararlanmaq, həm də elektrik, elektronika, sənaye, informasiya-kommunikasiya texnologiyaları, robototexnika və nanotexnologiyalara dair standartlaşdırma üzrə texniki komitələrdə iştirak imkanı yaradır.

IEC (Beynəlxalq Elektrotexniki Komissiyası) konsensusa əsaslanan beynəlxalq standartların hazırlanması və nəşrini həyata keçirən, elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullarının və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır.