Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə bu gün keçirilmiş növbəti Kollegiya iclasında qurumun 2026-cı il üzrə Risk Reyestri təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, ilk olaraq Hesablama Palatasının sədri audit nəticələrinin rəsmiləşdirilməsinin sürətləndirilməsi, auditlər üzrə resurs qiymətləndirilməsinin aparılması və nəticələri üzrə zəruri tədbirlərin görülməsi ilə bağlı kollegiya üzvlərinə və struktur bölmələrinə tapşırıqlar verib.
Sonra Palatanın aparat rəhbəri Tamerlan Yusif-zadə və Dövlət büdcəsi və strateji təhlil şöbəsinin əməkdaşı qurumun Strateji Planının 2026-cı il üçün Əməliyyat Planı və Monitorinq Çərçivəsinin layihələrini təqdim edib. Qeyd olunub ki, layihələr 2026-2030-cü illər üzrə Strateji Planda nəzərdə tutulmuş məqsədlərin, yekun və aralıq nəticələrin icrasına və onların izlənilməsinə xidmət edir. Müzakirənin nəticəsində aidiyyəti sənədlərin təsdiqlənməsinə dair qərar qəbul edilib.
Daha sonra aparat rəhbəri yeni Risk Reyestrini təqdim edib. Bildirilib ki, sənəd fəaliyyət üzrə yarana biləcək əsas risklər və onların idarə olunması ilə bağlı məsələləri sistemləşdirir. Hesablama Palatasının sədri risklərin mütəmadi izlənilməsi, nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsi istiqamətində zəruri işlərin görülməsi və məsul subyektlərin Kollegiya qarşısında hesabatlılığının təmin edilməsi ilə bağlı tapşırıqlar verib.
Gündəliyin növbəti məsələsi auditlər üzrə aşkarlanan nöqsanların təsnifləşdirilməsinə dair layihə olub. Beynəlxalq fəaliyyət və metodoloji təminat şöbəsinin əməkdaşının təqdim etdiyi layihə audit nəticələrində aşkarlanan nöqsanların vahid yanaşma əsasında təsnifləşdirilməsini nəzərdə tutur. Qeyd edilib ki, yeni təsnifat audit nəticələrinin daha sistemli, müqayisə edilə bilən və analitik baxımdan işlək formaya salınmasına, iş prosesinin asanlaşdırılmasına, vaxta qənaətə, keyfiyyətə nəzarətin gücləndirilməsinə xidmət edir.
Sonra Təlim Mərkəzinin müdiri Hesablama Palatasının Təlim Strategiyasının 2026-cı il üçün Əməliyyat Planı və Monitorinq Çərçivəsinin layihələrini təqdim edib. Layihələrdə təlim ehtiyaclarının qiymətləndirilməsi əsasında peşəkar inkişafının təmin edilməsi üzrə fəaliyyətlər və nəticələrin qiymətləndirilməsi mexanizmləri əksini tapıb.
İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.








