Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisi layihələrini müzakirə edib

Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisi layihələrini müzakirə edib

20 May 2026

Azərbaycan və Dünya Bankı arasında dənizdə külək enerjisi layihələri, ağıllı şəbəkə texnologiyalarının tətbiqi və batareya enerji saxlama sistemləri (BESS) üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazov və Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkovun iştirakı ilə keçirilən görüşdə aparılıb.

Dünya Bankı tərəfindən bu istiqamətlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqları ifadə edilib.

Görüşdə bərpa olunan enerji, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyi və regional enerji bağlantıları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan ilə Dünya Bankı arasında karbohidrogenlərdən başlayaraq bərpa olunan enerji layihələrinədək müxtəlif istiqamətlər üzrə uğurlu əməkdaşlığın formalaşdığı və bu əməkdaşlığın gələcək illərdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. Bildirilib ki, Azərbaycanın bərpa olunan enerji sahəsində qısa müddətdə əldə etdiyi nəticələr enerji sektorunda həyata keçirilən islahatların mühüm göstəricisidir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi proqramların, xüsusilə ötürücü şəbəkənin gücləndirilməsi, regional enerji inteqrasiyası və enerji səmərəliliyi istiqamətində görülən işlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, son illərdə qlobal enerji sektorunda əsas çağırışlardan biri ötürücü şəbəkələrin dayanıqlılığı və bərpa olunan enerji güclərinin sistemə inteqrasiyasıdır. Bu baxımdan Azərbaycanın ötürücü şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər düzgün və strateji yanaşma kimi qiymətləndirilib. Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində həyata keçirilən işlər nəzərdən keçirilib.

Görüş zamanı Azərbaycanın regional enerji bağlantıları üzrə təşəbbüsləri xüsusi diqqət mərkəzində olub. Qara dəniz və Şərqi Avropa istiqamətində Yaşıl Enerji Dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinin gedişatı barədə məlumat verilib. Bununla yanaşı, Azərbaycan - Mərkəzi Asiya, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan interkonnektor layihələri üzrə aparılan işlər müzakirə olunub. Xəzər regionundan Naxçıvan və Türkiyə istiqamətində ötürücü xətt layihəsinin də icra mərhələsində olduğu diqqətə çatdırılıb.

Həmçinin Dünya Bankı ilə ESCO modeli əsasında enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları da dəyərləndirilib. Bildirilib ki, dövlət vəsaiti olmadan özəl sektorun enerji qənaəti hesabına gəlir əldə etdiyi bu model Azərbaycan üçün də faydalı ola bilər.