Gənclərin şair Elxan Yurdoğlu ilə görüşü keçirilib -

Gənclərin şair Elxan Yurdoğlu ilə görüşü keçirilib - FOTO

20 May 2026

Naxçıvan şəhərində gənclərin filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Məmmədovla (Yurdoğlu) görüşü keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan görüş zamanı müəllifin yaradıcılığına daxil olan kitablar müzakirə olunub, gənclər tərəfindən onun müxtəlif şeirləri bədii qiraət edilib.

Elxan Yurdoğlu ilk qələm təcrübələrindən, bugünkü yaradıcılıq fəaliyyətindən və gələcək planlarından bəhs edib, gəncləri maraqlandıran sualları cavablandırıb. 10-dan çox kitabın tərtibçisi olan şair-publisist görüşdə iştirak edən gənc qələm sahiblərinə yaradıcılıqla bağlı tövsiyə və məsləhətlərini də verib.

Tədbirdə məlumat verilib ki, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun 20 yaşında ilk kitabı nəşr olunub. Müəllifin bugünədək bədii, elmi və publisistik üslubda qələmə aldığı 19 kitabı işıq üzü görüb. Bununla yanaşı, o, 7 fərqli kitabı Azərbaycan dilindən Türkiyə türkcəsinə, həmçinin Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümə edib.