Azərbaycan Ordusundа Qurban bayramı və 28 May münasibətilə tədbirlər keçirilib -

Azərbaycan Ordusundа Qurban bayramı və 28 May münasibətilə tədbirlər keçirilib - VİDEO

28 May 2026

Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı və 28 May - Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən, Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, xalqımızın müstəqillik yolunda keçdiyi mübarizədən danışıblar.

Tədbirlərdə Azərbaycanın islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət olması xüsusi vurğulanıb.

Sonra hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar təşkil olunub, videoçarxlar, sənədli filmlər nümayiş etdirilib, hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, bayram süfrələri təşkil edilib.

Müdafiə nazirinin tapşırığına əsasən bayramlar münasibəti ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində şəhidlərimizin məzarları ziyarət olunub, ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib, onlara bayram sovqatları təqdim olunub və Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb.

Hərbi hissələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müxtəlif musiqi nömrələri təqdim olunub.