Azərbaycan Xalq Cümhuriyyətində Naxçıvanskilər

Azərbaycan Xalq Cümhuriyyətində Naxçıvanskilər

28 May 2026

Zəngin dövlətçilik ənənəsinə sahib olan milli dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyəti bir ulduz kimi parlamaqdadır. XVIII əsr Fransa burjua inqilabından sora qərbdə yaranmağa başlayan müasir dövlət modelini Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə olaraq müsəlman şərqinə gətirdi. Üçrəngli bayrağımızda əks olunduğu kimi – Azərbaycan türkünün milli-mənəvi dəyərlərini, çağdaş dünyanın inkişafını və islam fəlsəfəsini rəhbər tutan Cümhuriyyət, demokratik prinsiplərə aşiyanə sədaqət göstərdi. Onun Parlamentində, Azərbaycan sərhədləri daxilində yaşayan bütün xalqların, icmaların nümayəndələri, ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin üzvləri təmsil olunurdu. Mühafizəkarlar, demokratlar, islahatçılar, dindarlar, sosial-demokratlar bir sözlə hamı Parlamentdə söz sahibi idi. Təsəvvür edin ki, bölgədə Ermənistanla müharibə gedir, ölkədaxilindəki ermənilər bolşeviklərə açıq və gizli şəkildə dəstək verir, bütün bunlara baxmayaraq Parlamentdə erməni fraksiyası fəaliyyət göstərir. Cümhuriyyət qurucuları heç bir halada öz prinsiplərindən vaz keçmədilər. Şirin canlarını, doğma və əzizlərini, büst-bütün şüurlu həyatlarını inandıqları müqəddəs amallar uğrunda fəda etdilər. Sonrakı onilliklər göstərdi ki, bəli, xalqların, millətlərin, dünyamızın xilası demokratiyaya gedən yoldadır. Yəni, insanın rifahı yalnız demokratik sistemlərdə mümkündür.

Yəqin, dəyərli oxucu düşünür ki, Cəmşid Naxçıvanski Muzeyi ilə Cümhuriyyətin nə əlaqəsi? Niyə bu yazı, bugün məhz buradan yazılır? İcazənizlə buna açıqlama gətirək. Bizim qəhrəmanımız Cəmşid xan Naxçıvanskinin istintaq sənədlərində belə bir iddianamə (suçlama) var ki, general-mayor Cəmşid Naxçıvanski Müsavat hökumətinin zabiti olub. Əlavə olaraq, Sərkərdənin atası, qardaşları, əmisi, dayısı, əmisi uşaqları, bir sözlə bütün ailə üzvləri Milli hökumətdə bu və digər formada fəaliyyət göstəriblər. Bəli, Cəmşid Naxçıvanski Cümhuriyyət dönəmində milli ordu quruculuğunda fəal iştirak edib. 1918-ci il iyunun 26-da Səməd bəy Mehmandarovun yaratdığı Azərbaycan Əlahiddə Korpusunda xidmətə başlayan Xan nəvəsi, həmin ilin sentyabrında Qafqaz İslam Ordusunun tərkibində Gəncədən Bakıya yürüş edərək Bakının erməni-bölşevik birləşmələrindən azad olunmasında, paytaxtın Gəncədən Bakıya köçürülməsində rəşadət göstərib. Səməd bəy Mehmandarov bu döyüşlərdə xüsusilə fərqlənən gənc zabiti 1920-ci ilin yazında müvafiq əmri ilə II Qarabağ Süvari Alayına komandir təyin edir və Cəmşid Naxçıvanskini Qarabağa göndərir. Bu, o zaman idi ki, mənfur ermənilər bolşeviklərin təhriki ilə Qarabağda üsyan çıxarmışdılar. Əskəran qalasını zəbt edib, Xankəndiyə gedən yolu bağlamışdılar. Gənc Sərkərdə, ali hərbi təhsilindən, Birinci dünya müharibəsində qazandığı təcrübəsindən yararlanaraq qısa vaxt ərzində erməni silahlı birləşmələrini darmadağın edərək, doğma Qarabağımızı birinci erməni işğalından azad edir. Bu döyüşlərdə onun kiçik qardaşı, Şəki polkunun komandiri III Ehsan xan Naxçıvanski qəhrəmancasına həlak olur. Həmin dövrdə, paralel olaraq Sərkərdənin atası Cəfərqulu xan, qardaşı III Kalbalı xan, əmisi Rəhim xan, əmioğlanları Bəhram xan və Kamran xan Naxçıvanskilər, dayısı Kərim xan İrəvanski və digər yaxın qohumları Naxçıvanın ərazi bütövlüyü, əhalinin təhlükəsizliyi uğrunda mübarizə aparırdılar. Cəfərqulu xan Naxçıvanski öz mülkünü - yəni, hal-hazırda Cəmşid Naxçıvanski Muzeyi kimi fəaliyyət göstərən inzibati binanı Araz-Türk Cümhuriyyətinin Naxçıvandakı qərargahı üçün vermişdi. Daha sonrakı mərhələdə Cəfərqulu xan, Milli Müdafiə Komitəsinin sədri kimi bölgənin qorunmasında, özünün təbirincə desək: “Yavru Vətənin Ana Torpağa qavuşması” (P.S. Naxçıvanın AXC-yə birləşdirilməsi) uğrunda əzmlə çalışmışdı. O dövrdə Naxçıvanda milli zəmində keçirilən yığıncaqlar, rəsmi görüş və qəbullar birmənalı olaraq qardaşı Rəhim xan Naxçıvanskinin evində keçirilirdi. Böyük oğlu III Kalbalı xan Naxçıvanski ermənilərin qorxulu kabusuna çevrilmişdi. Düşmənin 3 tərəfdən Naxçıvan üzərinə yürüşünü Kalbalı xanın yaratdığı 20 tabordan ibarət könüllü silahlı dəstələr məharətlə dəf edirdilər. Geri püskürdülən erməni generalları bir-birini əvəz edirdi. Andraniki Dro, Dronu Doluxanov, sonuncunu Qaragen Nijde əvəzlədi, lakin heç bir nəticəsi olmadı. İtkilərin miqyası ağır olsa da, nə Cümhuriyyət dönəmində, nə də onun süqutundan sonra yerində qalan sələfləri qədim diyardan bir qarış torpaq düşmənə vermədilər. Azərbaycan Xalq Cümhuriyyəti III Kalbalı xanın bu şücaətinə görə onu, general-mayor ali hərbi rütbəsi ilə təltif etmişdir. 1918-1920-ci illərdə Cənubi Qafqazda cərəyan edən siyasi gərginlik fonunda Naxçıvanın ermənilər tərəfindən ilhaq edilməsinin qarşısını alan, qərbdən gələn işbazlar önündə millətini ləyaqətlə təmsil edərək xarici düşmənlərə qarşı mərdliklə dayanan bu qəhrəman oğullarımızı qədirbilən xalqımız heç vaxt unutmayacaq.

Cəmşid Naxçıvanskinin istintaq materiallarında daha bir şrtix var ki, guya, Cəmşid xan İranda yaşayan qohumlarının vasitəsiilə Avropadakı Azərbaycan legionerləri ilə  əlaqə saxlayır, gizli silahlı dəstələrə rəhbərlik edir, məqsədi Sovet hökumətinə qarşı silahlı üsyan qaldırmaqdır. Yəni, biz indiki prizmadan baxsaq, Sərkərdə, Azərbaycan Xalq Cümhiriyyətini bərpa etmək istəyirmiş. Kim bilir, bəlkə də bu həqiqətən belə olub?. Od olmayan yerdən niyə tüstü çıxsın ki? NKVD çinovnikləri niyə öz generallarını suçlasınlar ki? Özü də Vətənə xəyanət kimi ağır bir suçla. Hadisələrə kənardan baxanda, məntiqlə, çinovniklərin “haqlı” olduğu qənaətinə gəlirsən. Belə ki, bolşeviklər 1920-ci il aprelin 27-də Bakıya girəndə Cəmşid Naxçıvanski Qarabağda idi. O, həmin dövrdə İrana keçən ailəsi ilə birlikdə rahatca Arazın o tayına keçə bilərdi. Lakin, Sərkərdə Bakıya qayıdıb cəsurca hadisələrin içində olmağı seçdi. Və, Milli mücahidlərimizə gizli silahlı dəstək verərək milli dövlətçiliyimizin bərpası uğrunda mübarizəyə qoşuldu. Onun qısa bir zaman kəsiyində üç dəfə həbs olunub, hər dəfəsində ölüm cəzasına məhkum edilməsi də bunun əyani təzahürüdür.

Bolşeviklər, “sapı özümüzdən olan baltalar”ın əli ilə Cümhuriyyətimizi süquta uğratsalar da, Milli mücahidlərin müqəddəs amalları ölmədi. “Bir kərə yüksələn bayraq bir daha yüksəl”di!

1990-cı il noyabrın 17-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisində keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı bir daha dalğalandı. Həmin hadisədən bir-neçə ay sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsi dövlət səviyyəsində qorunub bərpa edilmişdir. Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Belə ki, AXC-nin 80, 90 və 100 illik yubileylərinin qeyd edilməsi, eləcə də 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhiriyyəti İli” elan edilməsi ölkə Prezidentinin Cümhuriyyət tariximizə, bu tarixi proseslərin elmi araşdırmalara cəlb edilməsinə göstərdiyi diqqətin nəticəsidir.

Heydər Əliyev Fondunun dəstəyi və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın prodüserliyi ilə ərsəyə gələn, Milli mücahidlərimizin əzmkar mübarizəsini əsk etdirən “Əbədi ezamiyyət” və “Son İclas” elmi-sənədli filmləri Azərbaycan Xalq Cümhuriyyətinə ən gözəl abidədir.

PS - Məqalədə istifadə olunan foto Cəmşid Naxçıvanskinin 1920-ci ildə Qarabağda ermənilərə qarşı döyüşlərini əks etdirir.

Rəsm əsərinin müəllifi Azərbaycan Respublikasının Əməkdar rəssamı Məmmədəli İsmayılovdur.

Abasət NURİYEV 

Cəmşid Naxçıvanski Muzeyinin direktoru