
Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib
Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Məlumata görə, Baş nazirin müavini Samir Şərifov İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb.
Görüşdə iki ölkə arasında Strateji İqtisadi Dialoqun birinci iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin Azərbaycan-İspaniya Biznes Forumunun və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında “Strateji İqtisadi Əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının iqtisadi əlaqələrin gücləndirilməsinə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.
S.Şərifov ötən ilin noyabrında COP29 çərçivəsində Prezident İlham Əliyevlə İspaniya Hökumətinin Sədri Pedro Sançez arasında baş tutmuş görüşün ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini qeyd edib.