Azərbaycan və İtaliya: strateji tərəfdaşlığın “qızıl dövrü”
Müasir beynəlxalq münasibətlər leksikonunda ən çox istifadə olunan terminlərdən biri də “strateji tərəfdaşlıq” ifadəsidir. Bütün sahələrdə sıx əlaqələr quran dövlətlər üçün ifadə edilən bu terminin “dostluq” və ya “əməkdaşlıq” anlayışlarından daha dərin bir mənası var. Strateji tərəfdaşlıq tərəflərin həm regional, həm də qlobal səviyyədə maraqlarının üst-üstə düşdüyü, münasibətlərin artıq təsadüfi deyil, sistemli və uzunmüddətli xarakter aldığı bir mərhələdir. Bu zaman tərəflər yalnız öz mənfəətlərini deyil, hər iki tərəf üçün dəyər yaradacaq ümumi hədəfləri rəhbər tuturlar. Bu münasibətlər qısamüddətli tranzaksiyalar deyil, illərlə davam edən strateji planlamaya söykənir. Bunun üçün isə şəffaflıq və etibarlılıq çox vacib və həlledici elementlərdir.
Həmin meyarlara əsaslanaraq əminliklə deyə bilərik ki, bu gün Azərbaycan - İtaliya arasındakı əlaqələr strateji tərəfdaşlığın “qızıl dövrü”nü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır”.
Mayın 4-də İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana reallaşdırdığı işgüzar səfər bunu bir daha təsdiq edir. Xanım Meloninin səfəri daha çox ikitərəfli strateji tərəfdaşlığın dərinləşməsi və regiondakı yeni geosiyasi reallıqlar baxımından diqqəti cəlb edir. Vurğulamaq istərdim ki, İtaliyanın Nazirlər Şurasının sədrinin Azərbaycana İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısından dərhal sonra gəlməsi rəsmi Romanın Cənubi Qafqaz siyasətini həyata keçirərkən ölkəmizin mövqeyinə xüsusi diqqət yetirdiyini göstərir. Həqiqətən də, İtaliya regiondakı proseslərə balanslı, obyektiv və praqmatik yanaşır. Bu, bəzi Avropa ölkələrinin (məsələn, Fransanın) birtərəfli mövqeyi fonunda rəsmi Romanın Azərbaycan üçün Avropadakı ən etibarlı siyasi tərəfdaş olduğunu göstərir. Baş nazir Meloninin Azərbaycan və Ermənistan arasındakı sülh prosesini “tarixi mərhələ” adlandırması da İtaliyanın regionda konstruktiv mövqeyi və konstruktiv dialoqa dəstəyinin ifadəsidir.
Azərbaycan Prezidentinin və İtaliya Respublikası Nazirlər Şurasının sədrinin mətbuata bəyanatları da qarşılıqlı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha göstərir. Bəyanatlarda ən mühüm mesaj Azərbaycanın Avropanın enerji xəritəsindəki yerinin daha da möhkəmlənməsi ilə bağlı idi. Məlumdur ki, Azərbaycan uzun müddətdir İtaliya üçün etibarlı tərəfdaş kimi özünü sübut edib. 2025-ci ildə Azərbaycan Trans-Adriatik Boru Kəmərinin (TAP) vasitəsilə İtaliyaya 9,5 milyard kubmetr qaz tədarük edib. Bu, İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini təşkil edib. Ümumiyyətlə, TAP-ın fəaliyyətə başlamasından etibarən İtaliyaya 42 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Bu, TAP-ın təkcə kommersiya uğuru deyil, həm də İtaliyanın enerji dayanıqlığının strateji sütunu olduğunu göstərir. Bu baxımdan İtaliyanın təbii qazın Avropaya paylanması üçün mərkəzi qovşaq (hub) olması realdır.
Bu gün iki ölkənin iqtisadi-ticarət əlaqələr yüksək səviyyədədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Yeni sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub. Bu gün Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 130-a yaxın İtaliya şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Onu da qeyd edim ki, İtaliyanın Cənubi Qafqaz regionu ilə ticarətində Azərbaycanın payı 90 faiz təşkil edir. Bu da mühüm bir göstəricidir.
Hər iki ölkənin istehsal və sənaye müəssisələrinin mövcud imkanlarının bir araya gətirilməsi həmin sahələrin inkişafına da əsaslı töhfə verəcəkdir. Bu səbəbdən 2026-cı ilin ikinci yarısında Bakıda Biznes-Forumun təşkil edilməsi planlaşdırılıb. Bu, siyasi razılaşmaların real iqtisadi layihələrə və investisiyalara çevrilməsi üçün növbəti həlledici mərhələ olacaq. İtaliya tərəfi müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığın inkişafında maraqlıdır. Bu, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Təklif edilən model sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində bilik və təcrübə mübadiləsini, birgə inkişafı, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələri və nəhayət, sənaye sistemlərimizi birləşdirən amilləri bir araya gətirir.
Bütün bu məsələlərlə yanaşı, təhsil sahəsində əməkdaşlıq da uğurla davam etdirilir. Ötən il Bakıda fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universitetində artıq 500-dən çox tələbə təhsil alır. Onlar Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaq, hər iki ölkənin gələcək kadr potensialı üçün mühüm körpü rolunu oynayacaqlar.
Bəli, İtaliya Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantı və Cənubi Qafqazın lider dövləti kimi tam qəbul edir. Azərbaycan isə İtaliyanı Avropa İttifaqı daxilində maraqlarını ən yaxşı anlayan əsas siyasi tərəfdaş kimi görür. Bu gün iki ölkə arasındakı münasibətlər artıq sadəcə iqtisadi maraqlarla deyil, həm də dərin strateji etimadla möhkəmləndirilir. Ciorcia Meloninin səfəri isə göstərdi ki, Roma üçün Bakı geosiyasi müstəvidə vacib tərəfdaşdır.
Rauf Əliyev – Kəngərli
Jurnalist
Xüsusi olaraq naxcivanxeberleri.az saytı üçün








