Naxçıvan “Memarlıq və Şəhərsalma İlinin” işığında

Naxçıvan “Memarlıq və Şəhərsalma İlinin” işığında

06 May 2026

Azərbaycanın çoxəsrlik mədəniyyət tarixi bəşər sivilizasiyasına misilsiz incilər bəxş etmişdir. Bu mənəvi sərvətlərin, xüsusilə memarlıq irsimizin araşdırılması və mühafizəsi hər birimizin müqəddəs vəzifəsidir. Çünki mədəniyyət tariximizin "guşədaşlarını" qorumaq cəmiyyətin mənəvi sütunlarını ayaqda saxlamaq deməkdir. Bu mənada çoxəsrlik memarlıq abidələrimiz həm də milli kimliyimizin ayrılmaz parçasıdır. Bu aspektdən yanaşdığımız zaman bu ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Memarlıq və Şəhərsalma İli” olaraq elan edilməsi milli kimliyimiz və mədəni irsimiz üçün müstəsna əhəmiyyət daşıyır. 

Eyni zamanda bu ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkəmizin müasir simasının formalaşmasında yeni bir səhifə açır. Bu qərar, yeni və modern üslubda tikilmiş binaların inşası ilə yanaşı tarixin dərindən dərk edilərək müasir memarlıqla sintezidir. Bu ilin diqqət mərkəzində isə qədimliyini qoruyaraq müasirləşən, Azərbaycan memarlıq məktəbinin beşiyi sayılan Naxçıvan dayanır. Milli kimliyimizin, fəlsəfəmizin, ədəbiyyatımızın memarlıq üslubunda əks olunduğu onlarla qədim abidəyə ev sahibliyi edən Naxçıvan üçün bu çox mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikasında şəhərsalma ənənələri bu gün yeni bir mərhələyə qədəm qoyur. Hazırda icra olunan dövlət proqramlarına əsasən Naxçıvan, Şahbuz və Ordubad şəhərlərinin yenidən layihələndirilməsi prosesi, tarixi irsi qorumaqla yanaşı, insan amilinə xidmət edən yeni, modern konsepsiyaları özündə birləşdirir. Bu kontekstdə Naxçıvan şəhərinin regional mərkəz kimi infrastrukturu müasir standartlara uyğunlaşdırılır və Baş Plan əsasında yeni yaşayış massivləri ilə qədim abidələrin vəhdəti təmin edilir. Təbiətin qoynunda yerləşən Şahbuz şəhəri isə ekoloji şəhərsalma prinsipləri əsasında yenidən formalaşdırılır ki, bu da onu bölgənin turizm və istirahət mərkəzinə çevirir. Ordubad isə küçələrində tarixin nəfəsi duyulan qədim şəhər olaraq yenidənqurma işləri ilə öz memarlıq özünəməxsusluğunu daha parlaq şəkildə nümayiş etdirəcək, mədəniyyətimizin “guşədaş”larından biri kimi ön plana çıxacaqdır.

Memar Əcəmi və Mömünə Xatun 

2025-ci il sentyabr ayında Prezident Naxçıvan şəhərində Memar Əcəminin abidəsinin ucaldılması haqqında sərəncam imzalamışdır. Bunun davamı olaraq isə cənab Prezident 16 mart 2026-cı il tarixdə Mömünə Xatun türbəsinin bərpa olunması və konservasiyası üçün vəsaitin ayrılması haqqında sərəncam imzalamışdır. Bütün bunlar göstərir ki, Azərbaycan memarlıq məktəbinin incisi olan Naxçıvan abidələrinin, xüsusilə dahi Əcəmi Naxçıvaninin şah əsərlərindən olan Mömünə Xatun türbəsinin qorunması, bərpası və tədqiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının verdiyi sərəncam və tapşırıqlar, o cümlədən 2026-cı il üçün müəyyənləşdirilən şəhərsalma və memarlıq hədəfləri Memar Əcəmi irsinin daha dərindən öyrənilməsinə, bu bənzərsiz tarixi abidələrin qorunaraq həm gələcək nəsillərə, həm də beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Məhz Prezidentin qəbul etdiyi qərarların işığında Mömünə Xatun kimi tarixi guşədaşlarımız keçmişimizin yadigarı olaraq Naxçıvanda həyata keçirilən müasir quruculuq və şəhərsalma işlərinin əsas mənəvi və elmi bələdçisinə çevrilmişdir.

Göstərilən ali dövlət qayğısı fonunda Naxçıvan memarlığından danışarkən, bu sahədə silinməz izlər qoyan tədqiqatçı, memarlıq namizədi Qadir Əliyevin xidmətlərini vurğulamaq Mömünə xatun türbəsinin sıradan bir abidə olmadığını göstərmək baxımından yerinə düşər. Qadir Əliyevin "Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq" adlı monoqrafiyası bu sahədə mövcud olan boşluğu dolduran, dərin elmi-nəzəri qənaətlərdən yoğrulmuş bir mənbədir. Bu monoqrafiyada dahi memar Əcəminin naxışlarındakı sirləri mühitin, elmlərin və dini düşüncələrin vəhdətində axtarılaraq memarlıq elmimizə yeni bir baxış gətirmişdir. O, Əcəmi yaradıcılığını idrakımızın və biliyimizin yetdiyi qədər dərk etməyə çalışmış, bu sənətin nə qədər dərin və müxtəlif elm sahələri (cəbr, həndəsə, astronomiya və s.) ilə əlaqəli olduğunu isbat etmişdir.

Qadir Əliyevin tədqiqatları göstərir ki, Əcəmi memarlığı kainatın harmonik quruluşu ilə eynilik təşkil edir. Mömünə Xatun, eləcə də Əcəminin digər şah əsəri Yusif Küseyir oğlu türbələrindəki "girih" naxışları ciddi riyazi qanunlara tabedir və "Qızıl bölgü" prinsipi əsasında qurulmuşdur. Bu mənada yazının giriş hissəsində də göstərildiyi kimi bu abidələrin araşdırılması, bərpası, qorunması həm də bizim milli kimliyimizi dərk etməyin bir parçasıdır. 

2026-cı il Şəhərsalma və Memarlıq İli çərçivəsində görülən işlər dahi Əcəminin qoyduğu o müqəddəs təməllər üzərində yüksələrək, Azərbaycanın memarlıq şöhrətini dünyaya bir daha bəyan edir. Mədəniyyət tariximizin bu "guşədaşlarını" qorumaq və dövlətin bu sahədə müəyyən etdiyi inkişaf strategiyasının işığında hər birimizin gələcək nəsillər qarşısında ən böyük hesabatıdır.

Bayram ƏLİYEV

NDU-nun Beynəlxalq Kembric Məktəbinin direktoru