Azərbaycanda aqrar sektora vergi dəstəyi davam etdiriləcək

Azərbaycanda aqrar sektora vergi dəstəyi davam etdiriləcək

20 Noyabr 2026

Azərbaycanda kənd təsərrüfatı sektoruna vergi dəstəyi 2027-ci ildə də davam etdiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində, regionların iqtisadi inkişafında və əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayır. Gələn ilin büdcə-vergi siyasəti çərçivəsində Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif olunub. Dəyişikliklərin əsas məqsədi kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyini davam etdirmək, vergi güzəştləri siyasətini qorumaqla onlardan daha səmərəli istifadəni təmin etmək, elektron qeydiyyat və uçot sisteminin təkmilləşdirilməsidir.

Təkliflərə əsasən, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı sahəsində bir sıra vergi güzəştlərinin müddəti uzadılacaq, mövcud mexanizmlər təkmilləşdiriləcək və istehsalçılar üçün əlavə güzəştlər tətbiq olunacaq. Kiçik istehsalçılar, yəni mikrosahibkarlar və sadələşdirilmiş vergi ödəyiciləri üçün kənd təsərrüfatı istehsalından əldə edilən gəlir əvvəlki kimi vergidən tam azad olacaq.

Mövcud vergi güzəştləri uzadılır

Kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi məqsədilə 2026-cı ilin sonunda başa çatan mövcud güzəştlərin 2027-ci il yanvarın 1-dən uzadılması təklif olunur. Bu güzəştlərə aşağıdakılar daxildir:

– Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri məhsullar üzrə dövriyyənin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi – 2029-cu ilin sonunadək;

– Kənd təsərrüfatı məhsullarının ticarəti zamanı ƏDV-nin məhsulun ümumi satış qiymətindən deyil, ticarət əlavəsindən hesablanması – 2031-ci ilin sonunadək;

– Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı əmlak vergisindən azadolma – 2029-cu ilin sonunadək;

– Kənd təsərrüfatı subsidiyalarının gəlir və mənfəət vergisindən azad edilməsi – 2031-ci ilin sonunadək;.

– Heyvan və quş ətinin satışının ƏDV-dən azad edilməsi – 2029-cu ilin sonunadək;

– Yem məhsullarının və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2029-cu ilin sonunadək;

– Kəpəyin istehsalı və satışı – 2029-cu ilin sonunadək;

– Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2029-cu ilin sonunadək.

–

Sadələşdirilmiş vergi üzrə güzəştlər uzadılır

Müəyyən edilmiş şərtlərə uyğun olaraq sadələşdirilmiş vergi üzrə tam azadolmanın da daha 5 il müddətinə, yəni 2031-ci ilin sonunadək saxlanılması nəzərdə tutulur. Bu dəyişikliklər kənd təsərrüfatı ilə məşğul olan təsərrüfatların vergi güzəştlərindən istifadə imkanlarını qoruyacaq və onların fəaliyyətini davam etdirməsinə dəstək olacaq.

Güzəştlərdən istifadə üçün qeydiyyat

Təklif olunan dəyişikliklərin əsas məqsədlərindən biri vergi güzəştlərinin məhz kənd təsərrüfatı məhsullarını istehsal edən şəxslərə çatmasını təmin etməkdir. Bunun üçün gəlir və mənfəət vergisi, habelə sadələşdirilmiş vergi üzrə güzəştlərdən istifadə etmək istəyən istehsalçılar Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemində (EKTİS) qeydiyyatdan keçməli, vergi orqanında daha əvvəldən uçotları varsa İnternet Vergi İdarəsi (new.e-taxes.gov.az) vasitəsilə vergi bəyannamələrini tərtib etməlidirlər. Uçotun və bəyannamələrin elektron tərtib olunmasının sadələşdirilmiş mexanizmi barədə fermerlərə məlumatlar təqdim olunacaq. Ailə kəndli təsərrüfatı olaraq qeydiyyatda olanların vergi uçotuna durması (VÖEN alması) və bəyannamə verməsi tələb edilmir. Sözügedən şərtlər kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin elektron qaydada uçota alınmasına, dövlət dəstəyinin daha düzgün ünvanlanmasına və vergi güzəştlərindən istifadənin şəffaflaşdırılmasına imkan verəcək.

Qeyd edilməlidir ki, istehsalçıların əksəriyyəti EKTİS-də artıq qeydiyyatdadır. Hazırda sistemdə 370 mindən çox subyekt qeydiyyatdadır və aktiv istifadəçidir. Subsidiya və digər dövlət dəstəyindən istifadə edən fermerlər bu sistemdə artıq qeydiyyatda olduqları üçün onlardan yenidən qeydiyyat tələb olunmur. Sistemə yeni qoşulanlar "mygov id" vasitəsilə internet və ya mobil tətbiq üzərindən qeydiyyatdan keçə bilərlər. Dövlət informasiya sistemlərində olan məlumatlar EKTİS-ə avtomatik ötürülür. Ehtiyac olduqda rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzləri yerində köməklik göstərir.

Məhsulunu satan fiziki şəxslər üçün vergi güzəşti nəzərdə tutulur

Təklif olunan dəyişikliklər kiçik kənd təsərrüfatı istehsalçılarının və fiziki şəxslərin maraqlarının qorunmasını da əhatə edir. Bu qayda ailə kəndli təsərrüfatlarının üzvlərinə və həyətyanı sahədə məhsul yetişdirən digər kənd sakinlərinə şamil olunur. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulları alındıqda yeni qaydanın tətbiqi təklif olunub. Əgər məhsulu satan şəxs EKTİS-də qeydiyyatdadırsa, onun bu satışdan əldə etdiyi gəlir vergidən azad olacaq və alıcı ödənişdən vergi tutmayacaq. Əgər satıcı EKTİS-də qeydiyyatda deyilsə, məhsulu alan vergi ödəyicisi ödəniş zamanı məbləğin 2 faizi həcmində vergini tutacaq. EKTİS-də qeydiyyatda olan istehsalçılar tərəfindən məhsulun bazarda birbaşa fiziki şəxslərə satışından əldə edilən gəlirlər vergidən azad ediləcək.

Bu yanaşma kənd təsərrüfatı məhsullarını istehsal edən fiziki şəxslərin EKTİS-də qeydiyyatdan keçməyə marağını artıracaq. Eyni zamanda, məhsulların alqı-satqısı və tədarükü prosesində daha şəffaf və əlverişli şərait yaradacaq. Məsələn, 5 000 manatlıq məhsul satan qeydiyyatsız şəxsdən yeni qaydada 100 manat vergi tutulacaq. Qeydiyyatda olan şəxsdən isə vergi tutulmayacaq.

Heyvandarlıq sahəsinə əlavə ƏDV güzəşti veriləcək

Aqrar sektora dəstəyin genişləndirilməsi çərçivəsində heyvandarlıq sahəsi üçün də yeni vergi güzəşti təklif olunur. Dəyişikliyə əsasən, EKTİS-də qeydiyyatda olan şəxslər tərəfindən kökəltmə məqsədilə heyvanların idxalı 2027-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə ƏDV-dən azad ediləcək. Güzəşt heyvandarlıq təsərrüfatlarının idxal xərclərini azaldacaq, onların istehsal imkanlarını genişləndirəcək və yerli heyvandarlığın inkişafına əlavə dəstək verəcək.

Bundan əlavə, öz yetişdirdiyi heyvanı və quşu kəsib satan istehsalçıların bu satışdan əldə etdiyi gəlir ilk dəfə olaraq vergi güzəştinə daxil edilir. Hazırda güzəşt yalnız heyvan diri ikən ondan alınan məhsula tətbiq olunur. Yeni qaydada kəsilmiş ətin satışından əldə edilən gəlirin 90 faizi, mikrosahibkarlar üçün isə tam həcmi vergidən azad olacaq.

Gəlir və mənfəət vergisi üzrə güzəşt mexanizmi yenilənir

Təklif olunan dəyişikliklər çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlir və mənfəət üzrə vergi güzəştinin də yeni qaydada tətbiqi nəzərdə tutulur.

Hazırda müvafiq gəlir və mənfəət 100 faiz vergidən azaddır, lakin hüquqi şəxslər üçün bu güzəştin müddəti 2026-cı ilin sonunda başa çatır. Təklif olunan dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən mövcud azadolmanın 5 il müddətinə 90 faizlik güzəştlə əvəz olunması nəzərdə tutulur. Bu halda, dövlət subsidiyaları istisna olmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq gəlir və mənfəətin 90 faizi vergidən azad ediləcək. Məsələn, illik mənfəəti 300 000 manat olan aqrar şirkət 60 000 manat əvəzinə 6 000 manat vergi ödəyəcək, yəni faktiki vergi yükü 2 faiz olacaq. Mikrosahibkarlıq subyektləri üçün isə 100 faizlik vergi güzəşti saxlanılacaq. Mikrosahibkar illik gəliri 200.000 manatadək və işçilərinin sayı 10 nəfərədək olan sahibkardır. Güzəşt broyler, istixana və ferma kompleksləri kimi sənaye üsulu ilə istehsal edən təsərrüfatlara da şamil olunur. Beləliklə, təklif olunan dəyişikliklər kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin dəstəklənməsi ilə yanaşı, mikrosahibkarlıq subyektləri üçün mövcud vergi təşviqlərinin davam etdirilməsini təmin edəcək.

Bu dəyişiklik həm də kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəətinin daha düzgün uçota alınmasına şərait yaradacaq. Belə ki, istehsalçılar əldə etdikləri gəlirləri daha dəqiq müəyyən etməli, təsərrüfat fəaliyyətini rəsmiləşdirməli və müvafiq məlumatları vergi bəyannamələrində əks etdirməlidirlər. Nəticədə aqrar sahədə uçotun dürüstləşdirilməsi, maliyyə məlumatlarının şəffaflığının artırılması və dövlət dəstəyinin real istehsalçılara yönəldilməsi üçün daha əlverişli şərait yaranacaq.

Öz məhsulunu ilkin emal edən istehsalçılar üçün güzəştlər verilir

Hazırda vergi güzəşti yalnız ilkin formada satılan məhsula tətbiq olunur. Dondurulmuş, kəsilmiş və ya saxlama məqsədilə qurudulmuş məhsulun satışından əldə edilən gəlir isə ümumi qaydada vergiyə cəlb edilir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, növbəti ildən öz istehsal etdiyi məhsulu çeşidləyən, qablaşdıran, soyudan, donduran, kəsən və ya qurudan fermerlərə 90 faiz həcmində vergi güzəştinin tətbiqi nəzərdə tutulur. Nəticədə, bu fəaliyyətdən əldə edilən gəlirlərə tətbiq olunan 20 faizlik gəlir və ya mənfəət vergisinin effektiv dərəcəsi 2 faizə enəcək. Başqa istehsalçıdan alınmış məhsulun emalından əldə edilən gəlir bu güzəştə daxil deyil.

Digər mühüm yenilik kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, onların ilkin emalını da həyata keçirən mikrosahibkarlıq subyektlərinə əlavə vergi təşviqlərinin verilməsi ilə bağlıdır. Hazırda bu fəaliyyətdən əldə edilən gəlirlər müvafiq olaraq gəlir, mənfəət və ya sadələşdirilmiş vergiyə cəlb olunduğu halda, növbəti ildən mikrosahibkarlıq subyektlərində həmin gəlirlərin tam həcmdə vergidən azad edilməsi nəzərdə tutulur (EKTİS-də qeydiyyat və bəyanetmə şərti ilə), Təklif olunan dəyişikliklər kənd təsərrüfatı məhsullarının istehsalı ilə ilkin emalı arasında əlaqələrin gücləndirilməsinə, istehsalçıların fəaliyyətinin genişləndirilməsinə və bu sahədə əlavə dəyərin yaradılmasının təşviqinə xidmət edir.

İlkin emal fəaliyyətinə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və mövcud istehsal güclərinin inkişafı üçün əlavə iqtisadi stimul formalaşdıracaq.

Təklif olunan dəyişikliklər bir tərəfdən kənd təsərrüfatı istehsalçıları üçün vergi güzəştlərinin böyük hissəsini qoruyur, digər tərəfdən isə gəlir və mənfəətin daha dəqiq uçota alınmasını, şəffaflığın artırılmasını və vergi mexanizmlərinin təkmilləşdirilməsini hədəfləyir.

Güzəştlərin uzadılması 2027-ci ildən istehsalçıların və ticarət şəbəkələrinin vergi xərclərinin artmasının qarşısını alır.