Azərbaycanda büdcə ilinin dəyişdirilməsi təklif edilib

Azərbaycanda büdcə ilinin dəyişdirilməsi təklif edilib

12 İyun 2026

Azərbaycanda büdcə ilinin dəyişdirilməsini təklif edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hökumətdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı.

Onun sözlərinə görə, iqtisadi inkişafda büdcə xərclərinin xüsusi payı var və ilin əvvəlində, xüsusən iqtisadi fəaliyyətə yönələn xərc maddələri üzrə nisbətən az xərcləmələr ümumi iqtisadi artıma təsirsiz ötüşmür.

V.Bayramov qeyd edib ki, büdcə ilinin təqvim ili ilə üst-üstə düşməsi xərclərin ilin sonuna, xüsusilə dekabr ayına yığılmasına səbəb olan amillərdən biridir.

“İqtisadi aktivliyin aylar üzrə daha effektiv dəstəklənməsi və vəsaitlərin daha səmərəli xərclənməsi üçün büdcə ilinin təqvim ilindən fərqləndirilməsi məqsədəuyğun ola bilər. Böyük Britaniya, Yaponiya, Kanada, Sinqapur, Küveyt və Qətər kimi ölkələrdə büdcə ili yanvarın 1-dən deyil, aprel ayından başlayır və martın 31-də başa çatır”, – deputat bildirib.

Onun sözlərinə görə, bu təcrübənin Azərbaycanda tətbiqi büdcə xərclərinin iqtisadiyyatın müxtəlif sahələrinə və ümumi daxili məhsulun artımına müsbət təsir göstərə bilər.