Azərbaycanda icbari sığorta bazarı üzrə ödənişlər 16 %-dən çox artıb

Azərbaycanda icbari sığorta bazarı üzrə ödənişlər 16 %-dən çox artıb

28 Fevral 2026

Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin hesabına 20,148 milyon manat sığorta haqqı toplanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 11,75 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur.

Beləliklə, yanvarda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 43,8 manat olub.

Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.