Təhsil naziri şəhid ailəsini ziyarət edib - FOTO
Fevralın 28-də Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov şəhid Fərmayıl İsmayılovun atası İsmayıl İsmayılovun 75 illik yubileyi münasibətilə şəhid ailəsini ziyarət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Elxan Nəcəfov öz adından və Təhsil Nazirliyinin kollektivi adından şəhid atasını yubileyi münasibətilə təbrik edib.
Görüşdə Təhsil Naziri Elxan Nəcəfov bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr və tədbirlər də şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və onların ailələri dövlətin, cəmiyyətin hər zaman diqqət və qayğısı ilə əhatə olunacaqdır. Bildirilib ki, şəhid ataları və anaları göstərdikləri mərdlik, səbir və dözüm nümunəsi ilə hər birimiz üçün örnəkdir.
Görüşdə şəhidin ailə üzvləri tərəfindən Fərmayıl İsmayılovun həyatı, keçdiyi döyüş yolu barədə danışılıb.
Şəhid Fərmayıl İsmayılovun atası İsmayıl İsmayılov göstərilən diqqətə görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda şəhid atasına yubiley münasibətilə hədiyyə təqdim olunub.
Qeyd edək ki, Fərmayıl İsmayılov Sədərək uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək 1992-ci ilin mayın 18-də şəhidlik zirvəsinə ucalıb.










