İcbari Sığorta Bürosu ötən il 749 min manat kompensasiya ödəyib
2025-ci ildə İcbari Sığorta Bürosu (İSB) 749 min manat kompensasiya ödəyib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Büroya istinadən xəbər verir.
Xatırladaq ki, "İcbari sığortalar haqqında" qanuna əsasən ölkədə baş vermiş yol qəzaları nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sağlamlığına zərər dəyən III şəxslərə kompensasiyanı İSB ödəyir. Ötən il Büroya kompensasiya ödənişləri ilə bağlı 398 müraciət daxil olub. Bu müraciətlər əsasında 217 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 216 342 manat, 10 şəxsin əmək qabiliyyətini tam və yaxud qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 28 000 manat və 171 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 504 833 manat olmaqla, ümumilikdə 749 175 manat komensasiya ödənişləri həyata keçirilib.
Kompensasiya ödənişi III şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs (sığortasız) tərəfindən III şəxsin sağlamlığına zərər vurulduqda və sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda (iflas etmiş sığorta şirkəti) təmin edilir.








