Azərbaycanda kənd təsərrüfatı texnikasının qeydiyyat qaydalarına dəyişiklik edilib
Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası traktorların, eləcə də meşə və kənd təsərrüfatında istifadə edilən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə bağlı Təlimata dəyişiklik edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində müvafiq informasiya sistemlərinə daxil ediləcək. Qərarlar himayədar ailəyə verilmiş uşaqlara, eləcə də Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə, digər hallarda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal İcra Hakimiyyəti" portalına ötürüləcək.
Bundan əlavə, müvafiq qərarların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə aidiyyəti dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. Əgər sənədlərin sistem üzərindən əldə edilməsi mümkün olmazsa, onlar ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq qurumdan tələb ediləcək və ya ərizəçi tərəfindən təqdim olunacaq.
Sənədlər "İnzibati icraat haqqında" qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.








