Azərbaycanda nağdsız ödənişlər il ərzində 14 % artıb
Bu ilin iyul ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 13,9 % artaraq 9 milyard 712 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,455 milyard manatı (87,1 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,8 %-ni təşkil edib.
Bu il iyulun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 785 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,1 % az, ilin əvvəlinə nisbətən 3,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 8,95 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 10,5 % artaraq 20,761 milyon, kredit kartlarının sayı isə 4,7 % azalaraq 2,045 milyon olub. İyulda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 13,524 milyard manat (illik müqayisədə 8 % çox) və 703 milyon manat (-12,8 %) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 4,4 %, POS-terminalların sayı isə 12,1 % artaraq müvafiq olaraq 3 593 ədəd (Bakı üzrə 1 934 ədəd) və 165 334 ədəd (Bakı üzrə 100 096 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.








