Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub
Avqustun 28-də Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxışında 30 avqust – Zəfər bayramının tarixi əhəmiyyətindən danışıb, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz qardaşlıq bağları üzərində qurulduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqı Türkiyənin İstiqlal mübarizəsi dövründə də qardaş ölkənin yanında olub. Tarixin sınaqlarından keçən bu münasibətlər bu gün strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində uğurla inkişaf edir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Türkiyə xalqını Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.
Ceyhun Cəlilov Zəfər bayramının türk xalqının azadlıq və istiqlal mübarizəsinin şanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, 1922-ci ildə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qazanılan Böyük Zəfər Türkiyənin istiqlal mübarizəsində həlledici mərhələ olub və müasir Türkiyə dövlətinin qurulmasına gedən yolu açıb.
Çıxışda Azərbaycan-Türkiyə münasibətlərinin ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlərə əsaslandığı vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərin yeni siyasi və hüquqi məzmun qazandığı diqqətə çatdırılıb. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli siyasi, mənəvi və diplomatik dəstəyin qardaşlığın sarsılmazlığını bir daha nümayiş etdirdiyi bildirilib. Həmçinin Azərbaycanın 8 Noyabr – Zəfər Günü ilə Türkiyənin 30 avqust – Zəfər bayramının mahiyyətində milli birlik, Vətən sevgisi və haqq uğrunda mübarizə əzminin dayandığı qeyd olunub.
Naxçıvanın Azərbaycan-Türkiyə qardaşlığının tarixən formalaşmış mühüm körpülərindən biri olduğu vurğulanıb, Naxçıvanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Sonda Türkiyə xalqına möhkəm cansağlığı, firavanlıq və yeni zəfərlər, Azərbaycan və Türkiyə xalqlarına sülh, əmin-amanlıq və rifah arzulanıb.
Tədbir rəsmi ziyafətlə davam edib.














